Ərdoğan nazirləri iclasa topladı - Bu məsələ müzakirə olunacaq - FOTO

23 Dekabr 2024 17:52

Prezident Ərdoğanın rəhbərliyi ilə Beştəpədə Nazirlər Kabinetinin iclası başlayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sammitin əsas gündəm bəndləri minimum əmək haqqının artırılması və Suriyadakı son hadisələr olacaq. Ərdoğanın minimum əmək haqqının təyin edilməsi komissiyasının sabah keçiriləcək 4-cü iclasından əvvəl əlaqədar nazirliklərə tapşırıqlar verməsi gözlənilir.

Prezident Ərdoğanın rəhbərliyi ilə bu gün başlayan Nazirlər Kabinetinin iclasında Əmək və Sosial Müdafiə naziri Vedat Işıkhanın minimum əməkhaqqında planlaşdırılan artımla bağlı təqdimat edəcəyi gözlənilir.

Bildirilib ki, iclasda Suriya məsələsi gündəmdə olacaq. Suriya ərazisinin bir hissəsini nəzarətdə saxlayan terror təşkilatı PKK/YPG-yə qarşı atılacaq siyasi addımlar müzakirə ediləcək.

Qeyd edək ki, ötən həftə Minimum Əmək haqqının müəyyən edilməsi komissiyası üçüncü dəfə toplaşıb və işəgötürənlər heç bir rəqəm açıqlamayıblar. Bütün diqqətlər sabaha planlaşdırılan yekun iclasdadır. Prezident Ərdoğanın məsələ ilə bağlı aidiyyatı nazirliklərə göstəriş verməsi gözlənilir.

Nərmin
Milli.Az