Banklardan depozitlər geri çəkilir - SƏBƏB

24 Dekabr 2024 12:15

Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib. Bu hadisə insanların marağına səbəb olan sualı ortaya çıxarır:

Niyə şirkətklər birdən-birə bu qədər pulu banklardan geri çəkib?

Məsələ ilə bağlı Milli.Az-a iqtisadçı Eldəniz Əmirov açıqlama verib.

"Adətən dünya təcrübəsində şirkətlər bankalardan pulu geri çəkillərsə, nəzəri cəhətdən bunun bir neçə səbəbi olur. Birinci səbəb bank depozitləri üzrə gəlir vergisi ilə bağlı dəyişikliklər; ikincisi, devalvasiya ehtimalı; üçüncü, alternativ investisiya imkanları, dördüncü banklara etimadın azalması, beşincisi, faiz dərəcələrinin dəyişməsi; altıncısı, iqtisadi qeyri-müəyyənliklər və nəhayət yeddincisi, nəğdsiz ödənişlər üzrə öhdəlikləri göstərmək olar.
Bu səbəblər arasında depozitləri üzrə gəlir vergisi ilə bağlı dəyişiklikləri, banklara etimadın azalmasını, iqtisadi qeyri-müəyyənlikləri və faiz dərəcələrinin dəyişməsi hallarını birmənalı olaraq istisna edə bilərik".

O bildirib ki, digər üç səbəbin hər birinin bu azalmada müəyyən qədər payı ola bilər. Hökümətin makroiqtisadi proqnozlarında 2025-ci ildə devalvasiyanın olmayacağına dair gözləntilər olsa da şirkətlər buna tam güvənməyə bilər. Və yaxud şirkətlərin nəğdsiz ödənişlər üzrə (qeyri-rəsmi) öhdəlikləri ola bilər ki, il sonuna bunu ödəmək üçün pulların geri çəkilməsi mümkündür. Həmçinin alternativ investisiya imkanlarının yaranması şirkətləri depozitlərini geri çəkməsinə səbəb ola bilər. Bura ölkə daxilində və xaricində daşınmaz əmlaklar almaq, investisiya yatırmaq, səhm, kriptovalyuta və digər aktivlər üzrə əməliyyatlar da aid ola bilər.

"Xülasə, hansı səbəbin daha çox rol oynadığını dəqiq söyləmək üçün depozit geri çəkən şirkətlər və məbləğlər barəsində məlumatlar olmalıdır".

Aysel Əkbər
Milli.Az