"Mask ABŞ prezidenti ola bilməz"

23 Dekabr 2024 19:40

"Amerikalı milyarder İlon Mask heç vaxt ABŞ-nin prezidenti ola bilməz".

Milli.Az "Politico"ya istinadla xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp açıqlama verib.

Tramp prezidentliyi Maska güzəştə getməsi barədə yayılan məlumatları "yeni mistifikasiya" adlandırıb və bunun mümkün olmadığını vurğulayıb:

"Yeni bir dezinformasiya yayılıb ki, guya Tramp prezidentliyi İlon Maska güzəştə gedib. Xeyr, bu baş verməyəcək. Bilirsiniz niyə o, prezident ola bilməz? Çünki bu ölkədə doğulmayıb."

ABŞ Konstitusiyasına əsasən, yalnız ABŞ ərazisində doğulmuş vətəndaşlar prezidentliyə namizəd ola bilər. İlon Mask isə 1971-ci ildə Cənubi Afrikanın Pretoriya şəhərində anadan olub və Amerika vətəndaşlığını yalnız 2002-ci ildə, 31 yaşında alıb.

Bununla belə, Tramp Maskın biznes və texnologiya sahəsində böyük nailiyyətlər qazandığını etiraf edib:
"O, əla işləyib, onu təbrik edirəm. Amma prezident ola bilməz, qanun belədir."

Bundan əvvəl, bəzi jurnalistlər Maskın federal hökumətə təsirini nəzərə alaraq onu "kölgə prezidenti" adlandırmışdılar.

Fidan
Milli.Az