Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram.
Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və hazırda Sizin rəhbərliyinizlə Qarabağ bölgəsində bərpa işləri sürətlə həyata keçirilir, ölkəmizin iqtisadi gücü artır.
Bu şanlı Qələbə Sizin düşünülmüş siyasətiniz, qətiyyətli və ardıcıl diplomatik addımlarınız nəticəsində mümkün oldu. Eyni zamanda Sizin ordu quruculuğu siyasətiniz dünyaya nümayiş etdirdi ki, bu gün Azərbaycan həm iqtisadi, həm də hərbi baxımdan regionun ən güclü və önəmli ölkələri sırasındadır. Azərbaycanın D-8-ə qəbul olunması iqtisadi artımın gücləndiyini təsdiq edir.
Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə bu gün Azərbaycan beynəlxalq aləmdə sabit, öhdəsinə düşən vəzifələri vaxtında yerinə yetirən ölkə kimi qəbul olunur. COP29 konfransının Azərbaycanda yüksək səviyyədə keçirilməsi bunun əyani sübutudur.
Sizin digər sahələrdə həyata keçirdiyiniz konstruktiv və praqmatik siyasət ölkəmizin inkişafına, insanların həyatına öz bəhrələrini verməkdədir. Əminəm ki, Sizin siyasətiniz Azərbaycana daha böyük uğurlar və qələbələr qazandıracaqdır.
Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, cansağlığı arzulayır, Azərbaycanın gələcəyi naminə apardığınız siyasətdə böyük uğurlar diləyirəm".
Milli.Az