"Nur" çörəyinin içindən iyrənc maddə çıxıb? - AÇIQLAMA - FOTOlar

23 Dekabr 2024 11:00

Bakıda "Nur" çörəyinin içindən iyrənc maddənin çıxıdığı iddia edilir.

Bu barədə Milli.Az-ın redaksiyasına oxucular tərəfindən məlumat verilib. 

Oxucunun bildirdiyinə görə, ayrı-ayrı vaxtlarda evinə iki dəfə çörək alıb. Çörək süfrədə doğranılıb yeyildiyi zaman xoşagəlməz halla qarşılaşıblar.

"İki dəfə "Nur" çörəyindən siçan zibili çıxdı. Uşaq yemək yeyirdi. Çörəyi yeyən zaman gördüm. Bu zaman tez əlindən aldım", deyə redaksiyamıza gələn məktubda deyilir. 

Milli.Az olaraq "Nur" şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, belə bir halın baş verməsi mümkün deyil:

"Şirkət olaraq keyfiyyətə daim önəm veririk. Çörək sexində iş prosesinə 7/24 nəzarət edilir. Belə halların baş vermə ehtimalı sıfıra bərabərdir. İstənilən şəxs gəlib yaxından tanış ola bilər. "Nur" çörəyini özümüz də yeyirik. Hər kəs bilir ki,  "Nur" çörəyi həm dadlıdır, həm də keyfiyyətli". 

Xəyal Abdullayev
Milli.Az