İtaliya Serie A-nın İnter klubu, milli futbolçumuz Hakan Çalhanoğlunun formasını geyindiyi komandaya daha bir türkiyəli futbolçunu əlavə etmək üçün hərəkətə keçib.
Milli.Az xəbər verir ki, İnter, İngiltərə Premyer Liqasının Manchester City komandasında çıxış edən, mövsümün sonunda müqaviləsi başa çatacaq türkiyəli alman futbolçu İlkay Gündoğanla maraqlanır. İspan mətbuatında yayımlanan xəbərlərə görə, İnter 33 yaşlı təcrübəli futbolçunu pulsuz olaraq heyətinə qatmağı hədəfləyir və bu transferi əsas prioritetlərindən biri kimi görür.
Bununla belə, İlkayın İnterə transferində bəzi maneələrin olduğu qeyd edilir. Manchester City-də ən yüksək maaş alan oyunçulardan biri olduğu vurğulanıb və bu vəziyyətin İnterin maliyyə strukturu üçün çətinlik yarada biləcəyi bildirilib. İnterin bu səbəbdən müqavilə şərtlərində alternativ variantları nəzərdən keçirəcəyi qeyd olunub. İlkay Gündoğanın İnterə transferinin klubda baş verə biləcək digər transfer və ayrılıq xəbərlərindən də asılı olduğu vurğulanıb.
Barcelona ilə 1 illik macərasından sonra 7 mövsüm çıxış etdiyi və Manchester City-nin əfsanələri arasında yer aldığı komandaya geri qayıdan İlkay Gündoğan, bu mövsüm 22 oyunda iştirak edib. 33 yaşlı futbolçu bu görüşlərdə 2 qol vurub və 1 asist edib. Onun Manchester City ilə olan müqaviləsi mövsümün sonunda bitir.
Lalə Qüdrətova
Milli.Az