07:08
Polis sürətlə insanların üzərinə sürən avtomobilin sürücüsünü saxlayıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanı əsilli olduğu bildirilir.
Milli.Az xəbər verir ki, hakimiyyət orqanları hadisəni qəsdən törədilmiş hücum kimi qiymətləndirir.
Hadisə şahidləri avtomobilin məqsədli şəkildə bazara gələnlərə doğru hərəkət etdiyini qeyd ediblər.
Hadisə nəticəsində 11 nəfər ölüb, 80 nəfərə qədər insan xəsarət alıb.
Saksoniya-Anhalt əyalətinin baş naziri Rayner Haselof bu hücumu "təkbaşına törədilmiş hücum" adlandırıb. O, Magedeburqda hadisə yerində keçirilən mətbuat konfransında bildirib ki, şübhəli 2006-cı ildə Almaniyaya gəlmiş, 50 yaşlı bir həkimdir. Şübhəlinin Almaniyada müddətsiz yaşamaq və işləmək icazəsi olduğu qeyd edilib.
Hakimiyyət orqanları bildiriblər ki, sürücünün cinayət keçmişi yoxdur və hadisənin mümkün motivi hələ məlum deyil. Hadisə yerində avtomobilin ətrafı müstəntiqlər tərəfindən bağlanıb.
Haselof təsdiqləyib ki, əlavə ölümlərin baş verə biləcəyi ehtimal olunur. Saksoniya-Anhaltın daxili işlər naziri Tamara Zieschang yaralıların sayının 78 olduğunu, onlardan 15-nin vəziyyətinin çox ağır olduğunu bildirib.
------------------
2024.12.20
Mərkəzi Almaniyanın Magedeburq şəhərində Milad bazarında iki avtomobil izdihama çırpılıb.
Milli.Az xəbər verir ki, hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər xəsarət alıb.
Hakimiyyət orqanları Milad bazarını bağlayıb və hadisə yerinə təcili yardım xidmətləri cəlb olunub.
Saksoniya-Anhalt əyalətinin baş naziri Rayner Haselofun hadisə yerinə getdiyi bildirilib. Bu barədə Almaniyanın dövlət yayımlayıcısı MDR məlumat verib.
MDR həmçinin əyalət hökumətinin sözçüsünə istinadən hadisəni "hücum" kimi xarakterizə edib.
Magedeburq şəhəri Berlinin qərbində yerləşir, Saksoniya-Anhalt əyalətinin paytaxtıdır və təxminən 240,000 nəfərə ev sahibliyi edir.
Lalə Qüdrətova
Milli.Az