Üç vəkil cəzalandırıldı

20 Dekabr 2024 20:34

Yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla Vəkillər Kollegiyası (VK) üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib.

Milli.Az xəbər verir ki, bu barədə qərar Vəkillər Kollegiyası Rəyasət Heyətinin bugünkü iclasında elan edilib.

İclasda qeyd olunub ki, həmçinin 1 vəkilə irad və 1 vəkilə isə töhmət verilib.

İclasda çıxış edən VK-nin sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə danışıb.

Sonra iclasda VK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən yenidən qurulması nəzərdə tutulan inzibati binanın tikinti və təmiri işlərinin satınalınması üzrə elan olunmuş açıq tenderin nəticəsi elan edilib.

Belə ki, tenderdə iştirak edən iddiaçı "Bakı Abadlıq Xidməti" MMC-nin təklifləri qiymətləndirilib və tender komissiyasının qərarına əsasən sözügedən şirkət qalib elan edilib. Rəyasət Heyəti tərəfindən qalib şirkətlə müvafiq satınalma müqaviləsinin imzalanması, habelə inzibati binanın tikinti və təmiri işlərinə yaxın günlərdə başlanılması qərara alınıb.

İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran bir vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, ona vəsiqə təqdim edilərək gələcək fəaliyyətində uğurlar arzulanıb.

Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi və iki vəkilin müəyyən müddətdə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Milli.Az