Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirmə ittihamı ilə mühakimə edilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi yenə baş tutmayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, prosesin baş tutmamasına səbəb təqsirləndirilən Aynur Bayramovanın hələ ki, bilinməyən səbəbdən qəfil müalicə müəssisəsinə yerləşdirilməsidir.
Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılır. Bu, adıçəkilən hakimin baxdığı sonuncu işlərdəndir. Belə ki, o, bir neçə aya yaş həddi ilə bağlı təqaüdə göndəriləcək.
Hakim hesab edir ki, təqsirləndirilən şəxslər məhz bu səbəbdən məhkəməni uzadırlar. Düşünürlər ki, süründürməçilik etsələr, onun da hakimliyi bitər, iş başqa hakimə keçər: "Mən maraqlanmışam, Aynur dünən axşama kimi sağlam olub. Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm. Yadınızdadırsa, burada da özünü yerə yıxırdı.
İndi düşünürlər ki, mən gedərəm, işi az təcrübəli hakimə verərlər, onlar da bundan istifadə edər. Ona çatdırın ki, Azad Məcidov bu işi bitirənə kimi harasa gedən deyil! Vəssalam!"
Xanım müttəhimin məhkəmədə iştirak etməməsi onun əməlindən əziyyət çəkən şəxsləri də əsəbiləşdirib. Zərərçəkmiş Tural Nəsmiyev deyib ki, Aynur xəstəlik bəhanəsi ilə ev dustaqlığına çıxmaq istəyir, buna görə də özünü müalicə müəssisəsinə saldırıb.
"Buna mən qərar verirəm, oturun yerinizə", - hakim zərərçəkmişə səslənib.
Proses yanvarın 8-nə kimi təxirə salınıb.
Qeyd edək ki, iki şirkətə rəhbərlik edən Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərini aldadıb, övladlarını xaricdə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pulu ələ keçirməkdə ittiham edilir.
Milli.Az