Polis Akademiyasında oxumaq istəyənlərin NƏZƏRİNƏ - FOTO

17 Dekabr 2024 19:18

Daxili İşlər Nazirliyinin Polis Akademiyasına əyani təhsilə III qrupdan hüquqşünaslıq ixtisasına 500, I qrupdan informasiya təhlükəsizliyi ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edilir.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Xüsusi təyinatlı təhsil müəssisəsinə sənədlərin qəbulu 2025-ci il fevralın 23-dək namizədin daimi qeydiyyatda olduğu yer üzrə polis idarə və ya şöbələrində həyata keçirilir.

Hüquqşünaslıq və informasiya təhlükəsizliyi ixtisas fənləri üzrə müsabiqədən keçən abituriyentlərin siyahısı Dövlət İmtahan Mərkəzinə göndərilir.

İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.

Seçilən abituriyentlərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır. Tədris Azərbaycan dilindədir, müddəti 4 ildir.

Kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən müasir standartlara tam cavab verən yataqxanada yaşayırlar.

Məzunlara hüquqşünaslıq və informasiya təhlükəsizliyi ixtisasları üzrə "polis leytenantı" xüsusi və "ehtiyatda olan leytenant" hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

Qəbul qaydaları haqqında daha ətraflı məlumatı (012)-590-97-76, (012) 454-12-78, nömrəli telefonlar, habelə Polis Akademiyasının 8880 qaynar xətti vasitəsilə və ya www.mia.gov.azwww.pa.edu.az  internet saytlarından, Polis Akademiyasının rəsmi instaqram və feysbuk sosial şəbəkələrindən əldə etmək olar.