İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin dəfələrlə edilmiş müraciətlərinə baxmayaraq, etibardan sui-istifadə etməklə qanunsuz gəlir götürmək məqsədilə ayrı-ayrı vətəndaşların adına müxtəlif hüquqi şəxslərin təsis olunması hallarına rast gəlinir. Nəticədə həmin hüquqi şəxslərin böyük məbləğdə vergi borcları yaranır.
Dövlət Vergi Xidmətindən Milli.Az-a bildirilib ki, bu cür qanunazidd hərəkətlər bir çox hallarda vətəndaşların özləri tərəfindən könüllü olaraq dələduzlara etibarnamə verməsi, yaxud özünə məxsus elektron imzadan istifadə etməyə şərait yaratması nəticəsində baş verir.
Belə hallarla qarşılaşmamaq üçün Dövlət Vergi Xidməti mütəmadi olaraq vətəndaşları məlumatlandırır, onları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini üçüncü şəxslərə həvalə edərkən diqqətli olmağa və özlərinə aid elektron imzadan digər şəxslərin istifadəsinə şərait yaratmamağa çağırır. Qeyd olunub ki, qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxslər tərəfindən istifadəsinə yol verməməlidir.
Qeyd edək ki, vətəndaşlar verdikləri etibarnamə əsasında onların adına alınmış elektron imza ilə təsis olunan hüququ şəxslərin yaranmasına və hüquqi nəticlərinə görə məsuliyyət daşıyırlar.
Asya
Milli.Az