Zülm bitdi, yeni tələb var - 3 milyon soydaşımıza şad xəbər

16 Dekabr 2024 14:22

Suriyada eks-prezident Bəşər Əsədin devrilməsindən sonra ölkədə yeni hökumətin qurulması üçün hazırlığa başlanılıb. Xüsusilə müxtəlif bölgələr üzrə say çoxluğu təşkil edən etnik qruplara muxtariyyət verilə biləcəyi deyilir.

Onlar arasında Suriyada məskunlaşan türkmənlər də (bəzi ekspertlər azərbaycanlı adlandırır - red.) var. İddialara görə, hazırda bu ölkədə 5 milyondan çox türkmən yaşayır. Yaranmış vəziyyət fonunda onlara muxtariyyətin verilməsi ilə bağlı tələblər səsləndirilir.

Bu mövzu Birləşmiş Millətlər Təşkilatı (BMT) səviyyəsində qaldırıla bilərmi? Bakının məsələyə hansı istiqamətdə müdaxiləsi mümkündür? Türk Dövlətləri Təşkilatının da hərəkətə keçməsi gözləniləndirmi?

Milli.Az-ın məlumatına görə, politoloq Qabil Hüseynli globalinfo.az-a deyib ki, Suriya türkmənləri illərlə haqsızlığa, ədalətsizliyə məruz qalıblar:

"Bu ölkədə yaşayan və soy baxımından bizə də yaxın olan türkmənlər illərlə Bəşər Əsəd rejiminin zülmünə məruz qalaraq assimilyasiya siyasətinin qurbanına çevriliblər. Sayları 3-5 milyon olmasına baxmayaraq mədəni və siyasi hüquqları tam təmin edilməyib.

Əsəd rejimi daha çox kürdlərə diqqət yetirir, onları qoruyur və mühafizə edirdi. Lakin elə sonda da kürdlər ona üz çevirdi. Türkmənlərin isə ölkədə baş verən vətəndaş müharibəsində əsas hədəfi Suriyanın dövlət bütünlüyünün qorunması olub. İndi də bu xalqın muxtariyyət əldə etməsi vacibdir".

Poltioloqun sözlərinə görə, Türkiyə və Azərbaycan bu məsələdə ortaq hərəkət edərək Suriyanın yeni hakimiyyəti ilə dialoqa girə bilərlər:

"Məsələnin BMT səviyyəsinə qalxması real görünmür. Çünki mövcud hakimiyyət Bakını da, Ankaranı da məmnun edir. Ona görə məsələni regional müstəvidə həll etmək mümkündür. İndiki məqamda türkmənlərin muxtariyyət əldə etməsi, təhsil və siyasi hüquqlarının təmini başlıca prioritet olmalıdır".

Milli.Az