Uşaqlar sevgi və qayğı ilə böyüməlidir. Amma bəzən nikahdan kənar doğulan uşaqlar cəmiyyətdə aqressiya ilə qarşılaşırlar.
Milli.Az xəbər verir ki, ölkəmizdə ailənin mövcudluğu yalnız rəsmi nikah ilə tanınsa da, dini və vətəndaş nikahı ilə yaşayanlar da mövcuddur. Statistikaya görə, nikahdan kənar doğulan uşaqların sayı 15,622 nəfərdir. Bu da ümumi doğulan uşaqların 14 faizini təşkil edir.
Bəs bu uşaqların hüquqları necə tənzimlənir?
Məsələ ilə bağlı hüquqşünas Rəşad Əliyev bildirir ki, həm yerli, həm də beynəlxalq qanunvericiliyə əsasən, nikahdan kənar doğulmuş uşaqlar rəsmi nikah ilə doğulan uşaqlarla eyni hüquqlara malikdirlər. Yəni, əgər atalıq müəyyən edilibsə, ana uşağın saxlanılması üçün atadan aliment tələb edə bilər. Həmçinin, nikahdan kənar doğulan ana atadan vəsiyyətlik hüququna malikdir.
"Bu uşaqlarla bağlı ən çox problem mülkiyyət məsələsi və doğulan uşaqlara sənəd verilməsidir.
Uşağın anası ilə nikahda olmayan şəxsin atalıq məsələsi ana və atanın icra hakimiyyətinə birgə ərizə ilə müraciət olunur. Əgər ata qeydiyyat orqanına yaxınlaşmaqdan imtina edirsə, bu halda ananın müraciətini əsasən atalıq məhkəmə qaydasında təyin olunur. Təəssüf ki, bu cür uşaqlar və analar cəmiyyətin qınaq obyektinə çevrilirlər".
Psixoloq Sevinc Osmanova bildirir ki, belə davranışlar uşaqların mənəvi inkişafına zərərli ola bilər. Əgər uşaq gərgin ailə təzyiqlərinə şahid olursa, burada psixoloji problemlərdən söz gedə bilər. Bu kimi problemlər əgər genetik deyilsə, ətrafdakı şəxslərin təzyiqi əsasında yaranır.
Qeyd edək ki, qanunvericilik heç bir uşağın hüquqlarını məhdudlaşdırmır.
Aysel Əkbər
MiIli.Az