2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Milli.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zaur Məlikaslanov ifadə verib.
O bildirib ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Təchizat işləri üzrə direktoru vəzifəsində çalışıb, ticarət əlaqələri yaratdıqları şirkətlərlə bağlı sənədləri təqsirləndirilən şəxsdən alıb: "Şirkətlər haqqında sənədləri Çingiz müəllimdən alırdım. Bütün alınan mallar hər departament üzrə bölünürdü. Xarici şirkətlərlə müqavilə bağlanırdı. Onlardan Formula 1 üçün lazım olan geyimlər, texnikalar və digər vasitələr alınırdı. Çingiz Mehdiyevin təklif etdiyi şirkətlərə ona görə etibar edirdik ki, onlar Formula 1-in standartlarına uyğun idi. "Dayton İnvestment LTD" şirkəti ilə müqavilə bağlananda mən iştirak etməmişdim. Danışıqları Çingiz müəllim aparırdı. Sifarişləri isə mən verirdim. Alınan mallar spesfik mallar idi. Mal alınır, təhvil-təslim edilir, ondan sonra isə ödəniş olunurdu".
Şahidin sözlərinə görə, Çingiz Mehdiyevin hər hansı malların alınması üçün əmr vermək səlahiyyəti olmayıb, maliyyə ilə bağlı sənədləri təchizat, maliyyə üzrə departament direktoru imzalayıb.
Hakim Novruz Kərimovun sualına cavab olaraq o, Ç. Mehdiyevə güvəndiyini, onu etibarlı adam saydığını bildirib.
O, həmçinin əlavə edib ki, lazımi texnikanın alınması üçün məbləğin müəyyən edilməsində hansısa qayda və ya kriteriya olmayıb: "Biz hər il maliyyənin daha az istifadə olunmasına çalışırdıq. Satıcılarla daha ucuz qiymətlərə razılaşırdıq. Qiymətlərin təyin edilməsində hansısa beynəlxalq göstəriş və ya limit olmayıb".
Proses yanvarın 13-də davam etdiriləcək.
Qeyd edək ki, Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.
Xatırladaq ki, istintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib./APA
Milli.Az