Ukrayna Futbol Federasiyası (UAF) Krımın Rusiya ərazisi kimi təsvir olunduğu dünya xəritəsinin nümayişi ilə bağlı Beynəlxalq Futbol Federasiyasına (FIFA) şikayət edib.
Milli.Az xəbər verir ki, hadisə iki gün əvvəl Sürixdə 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin püşkatma mərasimi zamanı baş verib.
Beynəlxalq qurum artıq şikayəti cavablandırıb. Ukrayna Futbol Federasiyasının mətbuat xidməti aldıqları cavab məktubunu dərc edib.
"Sözügedən infoqrafik xəritə üçüncü tərəf xarici xidmət provayderi tərəfindən hazırlanıb. Problemi aşkar etdikdən sonra biz dərhal vəziyyəti həll etmək, o cümlədən şəklin dövriyyədən çıxarılması üçün addımlar atdıq. Bundan əlavə, gələcəkdə belə səhvlərin baş verməməsi üçün daxili təhlillər aparırıq. Biz bu məsələnin həssaslığını tam bilirik və hadisənin qəsdən baş verməməsinə baxmayaraq, onun vura biləcəyi hər hansı mənəvi zərərə görə səmimi qəlbdən təəssüflənirik", - FİFA-nın üzv assosiasiyalarla qarşılıqlı əlaqə şöbəsinin rəhbəri Elxan Məmmədovun imzaladığı məktubda qeyd olunub./fanat.az
Milli.Az