"Haber Global"ın əməkdaşı öldürüldü

14 Dekabr 2024 22:14

Türkiyənin "Haber Global" telekanalının əməkdaşı Məhərrəm Can Kurtuluş silahlı hücumda həyatını itirib.

Milli.Az xəbər verir ki, Kurtuluşa hücum edən 4 şübhəli qısa müddətdə tutulub. Şübhəlilərdən birinin cinayət dosyesinin olduğu müəyyən edilib.

Haber Global əməkdaşı Muharrem Can Kurtuluş, İstanbulun Beylikdüzü rayonunda dostu ilə birlikdə avtomobilini dayanacağa park edib.

Kafeyə doğru irəlilədiyi vaxt dayanacaqda işçilərlə mübahisə edən dörd nəfəri görüb. Tərəfləri sakitləşdirməyə çalışıb. Lakin həmin şəxslər mübahisəni davam etdiriblər və Kurtuluşla da dava edərək, oradan uzaqlaşıblar.

Lakin bir müddət sonra geri qayıdaraq dayanacaqda avtomobilin içində gözləməyə başlayıblar.

Kafedən çıxan Muharrem Can Kurtuluş dostu ilə birlikdə avtomobilinə minib dayanacaqdan çıxmağa çalışarkən, mübahisə etdiyi dörd şübhəli avtomobilinin qarşısını kəsib. Avtomobildən enən Kurtuluşa güllələr yağdıraraq hadisə yerindən qaçıblar. Ağır yaralanan Kurtuluş xəstəxanada həyatını itirib.

Şübhəlilərin qaldığı ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd qeydiyyatsız tapança, 4 ədəd dəqiq tərəzi və 1 kilo 200 qram narkotik maddə aşkar edilərək götürülüb. Şübhəlilərdən birinin cinayət dosyesinin olduğu müəyyən edilib.

Haber Global əməkdaşı Muharrem Can Kurtuluşun cənazəsi yarılma prosedurlarından sonra ailəsinə təhvil verilib.

Lalə Qüdrətova
Milli.Az