Ruandanın paytaxtı Kiqali şəhərində keçirilən Beynəlxalq Avtomobil Federasıyasının (FIA) Baş Assambleyanın iclası və Mükafatlandırma Mərasimində Azərbaycan Avtomobil Federasiyasının "Klassik Avtomobil Sərgisi" FIA-nın Təsisçi Üzvlərinin İrsin Təbliğatı Kubokunun ilk qalibi elan edilib. Kuboku Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov qəbul edib.
Milli.Az bildirir ki, ilk dəfə FIA-nın 120 illik yubileyi çərçivəsində təqdim edilən bu mükafatla avtomobil irsinin təbliğində səmərəli töhfələr verən, avtomobil tarixi üzrə biliklərin ictimaiyyətə çatdırılmasında fəal iştirak edən təşkilatlar və fərdlər təltif olunacaq.
Hər il təqdim olunması nəzərdə tutulan mükafat FIA-nın avtomobil irsinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə həyata keçirdiyi genişmiqyaslı fəaliyyətinin vacib bir hissəsidir.
AAF-ın "Klassik Avtomobil Sərgisi" bu mükafata avtomobil irsinin inkişafına verdiyi müstəsna töhfələr, maarifləndirmə təşəbbüsləri və ictimaiyyətin avtomobil tarixini yaxından öyrənməsi üçün inklüziv mühit yaratması səbəbindən layiq görülüb. Heydər Əliyev Mərkəzində 10 ildir sərgilənən kolleksiya klassik avtomobil həvəskarları və geniş ictimaiyyətin marağına səbəb olub.
Milli.Az