Cənubi Qafqaz tarixi çoxsaylı faciəli hadisələri özündə ehtiva edir, ancaq azərbaycanlıların hazırda Ermənistanın tərkibində olan əzəli torpaqlarından qovulması etnik təmizləmə və milli kimliyin məhv edilməsinin ən dəhşətli nümunələrindən biridir. Bu, sadəcə keçmişin faktı deyil - yaşanmış faciələr vətənindən, evindən və tarixindən məhrum edilmiş minlərlə insanın ürəyində hələ də qanayan yaralardır.
Bir vaxtlar indiki Ermənistan ərazisi yüz minlərlə azərbaycanlının vətəni olub. Dağ silsilələri ilə əhatə olunmuş, mavi göllərlə bəzənmiş bu torpaqlar əsrlər boyu Azərbaycan mədəniyyətinin beşiyi kimi tanınıb. İrəvan xanlığı öz zəngin tarixi və inkişaf edən yaşayış məntəqələri ilə bu həyatın mərkəzində idi.
Ancaq XIX əsrin əvvəllərində hər şey dəyişdi. 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması və Rusiya imperiyasının İran və Osmanlı imperiyalarına qarşı əldə etdiyi qələbələrdən sonra sistematik köçürmə kampaniyasına start verildi. 1828-1830-cu illər arasında İrəvan xanlığı ərazisinə 40 min erməni İrandan, 84 min erməni isə Osmanlıdan köçürüldü. Bu, sadəcə insanların köçürülməsi deyildi - bölgənin etnik mənzərəsini dəyişmək məqsədi güdən məqsədyönlü siyasət idi. Bir anda azərbaycanlılar əsrlər boyu yaşadıqları torpaqlarda azlıq mövqeyinə düşdülər.
Əgər XIX əsr demoqrafik dəyişikliklərin başlanğıcını qoydusa, XX əsr etnik təmizləməni dövlət siyasətinə çevirdi. İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqı Ermənistan SSR-dəki azərbaycanlılara qarşı yeni zərbə vurdu. "Məhsuldar Kür-Araz ovalığında torpaqların mənimsənilməsi" bəhanəsi ilə təqribən 100 min azərbaycanlı Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiya edildi. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli 4083 saylı qərardan sonra yüzlərlə kənd boşaldı, ailələr parçalandı, köçürülən insanlar çətin coğrafi ərazilərdə, yaşamaq üçün minimal şərait olmayan yerlərdə yerləşdirildi. Bu ağır şərtlər nəticəsində çox sayda insan həyatını itirdi.
1980-ci illərin sonu Ermənistanda millətçiliyin pik nöqtəsinə çatdığı dövr oldu. Qarabağ münaqişəsi bəhanəsi ilə azərbaycanlılar zorakılıq və repressiya ilə üzləşdilər. Qaragü ruh hücumları, qətllər, kəndlərin kütləvi şəkildə məhv edilməsi - məhz bu metodlarla 250 mindən çox azərbaycanlı öz torpaqlarından qovuldu. Qukark və Spitak kəndlərində dinc sakinlər qətlə yetirildi, evlər yandırıldı, insanlar naməlum istiqamətə qovuldu. 1990-cı ilə qədər Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmadı. Bu, onilliklər ərzində davam edən etnik təmizləmə prosesinin son mərhələsi oldu. Əhali siyahıyaalmaları bu faciəni dəqiq əks etdirir:
1897-ci il: Azərbaycanlılar İrəvan quberniyası əhalisinin təxminən 37%-ni təşkil edirdi.
1926-cı il: Azərbaycanlıların payı 11,9%-ə düşdü.
1989-cu il: Deportasiyadan əvvəl Ermənistan SSR-də cəmi 84 min azərbaycanlı (əhalinin 2%-i) yaşayırdı.
1990-cı il: Ermənistan ərazisində azərbaycanlı əhali tamamilə yox oldu.
Azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti beynəlxalq hüququn əsas prinsiplərinə ziddir. Bütöv bir xalqın vətən hüququndan məhrum edilməsi, onun mədəni və tarixi irsinin məhv edilməsi qətiyyətlə pislənməli və qarşısı alınmalıdır. Beynəlxalq hüquq sənədləri azərbaycanlıların öz torpaqlarına qayıtmaq hüququnu birmənalı şəkildə təsdiq edir:
1. Cenevrə Konvensiyası (1949): mülki əhalinin zorla köçürülməsini qadağan edir. Azərbaycanlıların deportasiyası bu prinsipin açıq-aşkar pozulmasıdır.
2. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948): hər bir insanın öz ölkəsinə qayıtmaq hüququnu təsdiqləyir. Amma qovulmuş azərbaycanlılar üçün bu prinsip hələ də reallıqdan uzaq bir ümid olaraq qalır.
3. BMT-nin qətnamələri: deportasiya edilmiş şəxslərin geri qayıtmaq, vətəndaş hüquqlarını bərpa etmək və əmlaklarını geri almaq hüquqlarını təsdiqləyir. Lakin Ermənistanın azərbaycanlılara qarşı törətdiyi deportasiyalar zamanı bu hüquqlar heç vaxt təmin olunmayıb.
Azərbaycanlıların hüquqlarının bərpası və tarixi ədalətsizliyin aradan qaldırılması üçün beynəlxalq hüquq tətbiq olunmalıdır.
Qərbi Azərbaycan İcması isə deportasiya edilmiş yüz minlərlə azərbaycanlını təmsil edir. Bu qurum sadəcə bir təşkilat deyil - bu, ata-baba torpaqlarına qayıtmaq ümidi və ədalət rəmzidir.
Beynəlxalq hüquq baxımından Qərbi Azərbaycan İcması deportasiya olunmuş şəxslərin hüquqlarını qorumaq üçün tam legitimliyə malikdir:
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi onların qayıtmaq hüququnu təsdiqləyir.
İrqi ayrı-seçkiliyin ləğvi haqqında konvensiya etnik mənsubiyyətə görə deportasiyanı qəti şəkildə pisləyir.
BMT-nin qaçqınlar və məcburi köçkünlərlə bağlı qətnamələri əmlakın bərpası və vətəndaş hüquqlarının təmin olunmasını nəzərdə tutur.
Bu hüquqi normalar azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaq üçün qanuni əsaslarını möhkəmləndirir.
... Tarix deportasiya edilmiş xalqların öz torpaqlarına qayıtmasının çoxsaylı nümunələrini tanıyır. Bu presedentlər hüquqların bərpasının beynəlxalq səviyyədə tanınma və əməkdaşlıq yolu ilə mümkün olduğunu göstərir.
1. Yəhudi xalqı: 1948-ci ildə İsrail dövlətinin yaradılması tarixi vətənə qayıtmaq üçün əsrlərlə davam edən mübarizənin nəticəsi idi. Onların qayıtmaq hüququnun beynəlxalq ictimaiyyət tərəfindən tanınması azərbaycanlılar üçün də örnəkdir.
2. Fələstinli qaçqınlar: Bu məsələ hələ də həll olunmasa da, BMT qətnamələri onların geri qayıtmaq hüququnu təsdiqləyir ki, bu da bu prinsipin universallığını sübut edir.
3. SSRİ-də repressiyaya məruz qalan xalqlar: SSRİ-nin dağılmasından sonra Krım tatarları, inquşlar və çeçenlər kimi deportasiya olunmuş etnik qruplar öz torpaqlarına qayıtmaq imkanı əldə etdilər.
Bu nümunələr göstərir ki, deportasiya edilmiş xalqların hüquqlarının bərpası sadəcə humanizm aktı deyil, həm də ədalətə doğru vacib bir addımdır.
Şübhə yox ki, Fələstin qaçqınlarının məsələsi dünya siyasətində ən mürəkkəb və həll olunmamış problemlərdən biridir. Fəqət onların geri qayıtmaq hüququ beynəlxalq səviyyədə tanınır. 1948-ci ildə baş vermiş Ərəb-İsrail münaqişəsindən sonra milyonlarla fələstinli öz evlərini tərk etməyə məcbur oldu, lakin BMT qətnamələri onların geri qayıtmaq hüququnu təsdiqlədi.
1. BMT-nin 194 saylı qətnaməsi (1948): Fələstin qaçqınlarının öz evlərinə qayıtmaq və ya itirilmiş əmlak üçün kompensasiya almaq hüququnu təsbit edir. Məzkur sənəd, deportasiya edilmiş xalqların qayıtmaq hüququnun universal prinsip kimi tanınmasının əsasını qoydu.
2. Hüquqi presedent: Bu qətnamə beynəlxalq hüququn qayıtmaq hüququnu qoruduğunu göstərir ki, bu da Ermənistandan deportasiya edilmiş azərbaycanlılara tətbiq oluna bilər.
Fələstin nümunəsi deportasiya edilmiş xalqların, o cümlədən Qərbi Azərbaycan azərbaycanlılarının hüquqlarının bərpası üçün beynəlxalq səylərin zəruriliyini vurğulayır.
Sovet dövründə çoxsaylı etnik qruplar zorla köçürülmüşdü. SSRİ-nin dağılmasından sonra bir çox xalq siyasi islahatlar və beynəlxalq dəstək sayəsində öz tarixi torpaqlarına qayıda bildi.
1. Çeçenlər və inquşlar: 1944-cü ildə Orta Asiyaya deportasiya olundular. Stalin repressiyalarının pislənməsi və 1956-cı ildə qəbul edilmiş qərarlardan sonra onların vətənlərinə qayıtmasına icazə verildi.
2. Krım tatarları: 1944-cü ildə zorla köçürülən bu xalq öz tarixi vətənindən tamamilə uzaqlaşdırıldı. Lakin onların mübarizəsi və beynəlxalq təzyiq nəticəsində 1989-cu ildən etibarən Krıma qayıdış prosesinə başlandı.
3. Volqaboyu almanları, kalmık və digər repressiya olunmuş xalqlar: Bu xalqlar da qayıtmaq və hüquqlarının qismən bərpası imkanı əldə etdilər.
Bu nümunələr göstərir ki, hətta onilliklər keçdikdən sonra belə, siyasi iradə və beynəlxalq dəstək olduğu təqdirdə, ədalət bərpa oluna bilər. Digər nümunələr də mövcuddur:
1. Bosniyalı müsəlmanlar: Bosniya müharibəsi (1992-1995) zamanı həyata keçirilmiş etnik təmizləmələrdən sonra BMT də daxil olmaqla beynəlxalq təşkilatlar qaçqınların vətənlərinə qayıtması prosesində mühüm rol oynadı. Bu proses barışa doğru əhəmiyyətli bir addım oldu.
2. Kanadanın yerli xalqları: Kanadada federal hökumət yerli xalqların torpaqlarının qaytarılması və kompensasiyaların ödənilməsi üçün fəal iş aparır ki, bu da digər ölkələr üçün nümunədir.
3. Cənubi Afrika Respublikası: Aparteid rejimi dövründə torpaqlarından məhrum edilmiş qaradərili vətəndaşlar milli və beynəlxalq səylər sayəsində restitusiyalar və qayıdış hüquqları əldə etdilər.
... 1975-si ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində qəbul edilmiş Helsinki Aktı sərhədlərin toxunulmazlığı prinsipini təsbit edir, lakin bu sərhədlərin sülh yolu ilə dəyişdirilməsi tərəflərin razılığı ilə mümkündür. Habelə Xalqların öz müqəddəratını təyin etmə hüququ və tarixi yaşayış yerlərinə qayıtma hüququ da var.
Ermənistandan deportasiya edilmiş azərbaycanlılar üçün bu akt onların etnik və mədəni kimliyinin bərpası hüququnu təsdiq edir. Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiya (1950) hər bir insanın fundamental hüquqlarını qoruyur. Deportasiya edilmiş azərbaycanlılar üçün bu sənədin aşağıdakı maddələri xüsusi əhəmiyyət daşıyır. Belə ki, sənədin 8-ci maddəsindətarixi yaşayış yerləri ilə əlaqənin qorunmasını da əhatə edən şəxsi və ailə həyatına hörmət hüququnu təmin edir. 1-ci protokolun 1-ci maddəsində isə deportasiya nəticəsində itirilmiş əmlakın restitusiyası hüququnu təsbit edir.
Bu maddələr azərbaycanlıların qayıtmaq, əmlakını bərpa etmək və vətəndaş hüquqlarını bərpa etmək hüququnu təsdiq edir. Digər beynəlxalq sənədlərsə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948, hər bir insanın öz ölkəsinə qayıtmaq hüququnu təsbit edir), Cenevrə konvensiyaları (1949, mülki əhalinin zorla köçürülməsini qadağan edir ki, bu da azərbaycanlıların deportasiyasını qanunsuz edir) və BMT-nin Yerli Xalqların Hüquqları haqqında Bəyannaməsi (2007, yerli xalqların mədəniyyətlərinin qorunması və doğma torpaqlarına qayıtmaq hüququnu tanıyır).
Deportasiya edilmiş xalqların hüquqlarının bərpası təkcə humanizm məsələsi deyil, eyni zamanda sülhün və sabitliyin əsasını təşkil edir. Azərbaycanlıların Qərbi Azərbaycana qayıtması ədalətin bərpası aktı olmaqla yanaşı, beynəlxalq hüquqa inamı möhkəmləndirəcək və Cənubi Qafqazda barışın təməlini qoyacaq.
Beynəlxalq ictimaiyyət bu prosesi uğurlu presedentlər və hüququn universal prinsipləri əsasında dəstəkləməlidir. BMT-nin Yerli Xalqların Hüquqları haqqında Bəyannaməsi (2007) xalqların mədəniyyətini, ənənələrini və tarixi torpaqlarla əlaqələrini qorumaq hüququnu müdafiə edən əsas sənədlərdən biridir.
Qərbi Azərbaycan azərbaycanlıları üçün bu bəyannamə hüquqi və mənəvi reabilitasiya üçün yeni imkanlar açır. Sənəd zorakı hərəkətlər nəticəsində əlindən alınan torpaqlara qayıtmaq hüququnu təsbitləyir, mülkiyyət hüquqlarının bərpası və ya itirilmiş ərazilər üçün kompensasiyanı ehtiva edir və yerli xalqlara aid ənənələrin, institutların və abidələrin qorunmasını vacib hesab edir.
Azərbaycanlılar əsrlər boyu indiki Ermənistan ərazisində yaşayıblar və bu torpaqların yerli xalqı hesab olunmağa tam haqq qazanıblar. Bu bəyannaməyə əsasən, onlar yalnız qayıtmaq deyil, həm də öz kimliklərini qorumaq hüququna malikdirlər.
Bu sənədlər Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlılara tətbiq olunan universal hüquqi normaları təsbit edir.
Azərbaycanlıların Qərbi Azərbaycana qayıtması təkcə ədalətin bərpası aktı deyil, həm də Cənubi Qafqazın sabitliyi və inkişafı üçün mühüm addımdır. Azərbaycanlıların Ermənistanda reinteqrasiyası xalqlar arasında qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan yeni qarşılıqlı əlaqə modelinin formalaşmasına imkan yaradacaq. Torpaqların tarixi sahiblərinə qaytarılması iqtisadi inteqrasiya, investisiyaların cəlb olunması və infrastruktur layihələrinin həyata keçirilməsi üçün təkan verəcək.
Azərbaycan mədəni irsinin bərpası barışın rəmzi və qarşılıqlı etimadın gücləndirilməsi nümunəsi olacaq. Azərbaycanlıların qayıtması beynəlxalq ictimaiyyət üçün mühüm presedent olacaq. Bu, etnik təmizləmələrin və deportasiyaların cəzasız qala bilməyəcəyini və beynəlxalq hüququn xalqların hüquqlarını effektiv şəkildə müdafiə edə biləcəyini sübut edəcək. Bu proses, insan hüquqlarına hörmət və dialoq vasitəsilə faciənin dəf oluna biləcəyini göstərərək ədaləti bərpa edəcək. Azərbaycanlıların uğurlu qayıdışı, etnik təmizləmələr əsasında baş verən digər münaqişələrin həlli üçün nümunə rolunu oynayacaq.
Azərbaycanlıların Qərbi Azərbaycandakı tarixi torpaqlarına qayıtması sadəcə hüquqi prosesdən daha çox şeydir. Bu, sülhə, firavanlığa və barışa doğru atılmış bir addımdır. Beynəlxalq hüquq, o cümlədən, BMT-nin Yerli Xalqların Hüquqları haqqında Bəyannaməsi, bu hüququn həyata keçirilməsi üçün lazımi əsasları təqdim edir.
Qayıtmaq hüququnun reallaşdırılması humanizm və ədalət dəyərlərini təsdiqləyən bir akt olacaq, eyni zamanda bölgənin tarixində yeni bir fəsil açacaq, burada sülh və hörmət keçmişdəki ağrı və itkiləri əvəz edəcək.
Elçin Alıoğlu
TREND