Bank işçisinin məhkəmə işi başladı: 3,5 milyonluq mənimsəmə

13 Dekabr 2024 20:55

"Yelo Bank"ın Bərdə filialının mütəxəssisi Müşfiq Əkbər və onun tanışı Cavanşir Əsədovun məhkəmə prosesi başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra iclasda cinayət işinin məhkəmə baxışına verilməsi müzakirə edilib. Tərəflər cinayət işinin məhkəmə baxışına verilməsini, işin məhkəmə baxışında araşdırılmasına etraz etməyiblər. Hakimlər işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul ediliblər.

Cinayət işi üzrə məhkəmə baxışı dekabrın 17-nə təyin olunub.

Qeyd edək ki, "Yelo Bank"ın əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Bankın Bərdə filialının mütəxəssisi Əkbər Müşfiq Şükür oğlu 3,5 milyon manat vəsaiti mənimsəmədə ittiham olunur.

O, vəzifə saxtakarlığı edərək 20-dən çox tanışının adına saxta kredit rəsmiləşdirilməasində ittiham olunur.

Ə.Müşfiqin bu işdə bankın əməkdaşı olmayan tanışı Cavanşir Əsədov ilə əlbir olduğu qeyd edilib.

Onların hər ikisinin barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.

İstintaq müddətində təqsirləndirilən şəxslər vurduqları ziyanın 2,9 milyon manatını geri ödəyiblər.

Milli.Az