“Arvadım natəmiz idi, ona dəfələrlə...”

13 Dekabr 2024 19:29

Samux rayonunda 1981-ci il təvəllüdlü Nəriman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib. 

Milli.Az-ın əldə etdiyi məlumata görə, hadisə Samux rayonunun kəndində baş verib. Kənd sakini yaşadığı evində aralarında baş vermiş ailə münasibətləri zəminində mübahisə zamanı əli ilə qəsdən həyat yoldaşı Vüsalənin sol göz nahiyyəsinə bir dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Nərimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağıamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Samux rayonunun kəndində yaşayır, fərdi əməklə məşğuldur: "Zərərçəkmiş Vüsalə ilə 2019-cu il tarixdə ailə həyatı qurmuşam, 3 övladım var. Vüsalə ev işlərində və uşaqlara baxmaqda təmiz olmadığı üçün ona dəfələrlə irad bildirmişəm. Bu səbəbdən aramızda dəfələrlə mübahisələr olub". 

Nəriman qeyd edib ki, məlum hadisə günü, gecə saat 4 radələrində evində yatan zaman uşaq altını islatdığı üçün natəmiz iy gəlib: "Bu səbəbdən Vüsaləyə uşağın altını dəyişmədiyinə görə iradımı bildirdim. Bu zaman Vüsalə uşağın altını dəyişmək istəmədi. Mən bu səbəbdən əsəbləşdim, əsəbimi cilovlaya bilmədiyim üçün sol əlimin arxa hissəsi ilə Vüsalənin sol göz nahiyyəsinə bərk vuraraq döydüm. Bu səbəbdən Vüsalə sol göz nahiyyəsindən xəsarət aldı. Mən buna əhəmiyyət vermədim. Həmin gün səhər tezdən duraraq işə getdim. Həmin gün axşam saatlarında işdən evə qayıtdım. Bu zaman Vüsalənin evdə olmadığını gördüm. Onun harada olması barədə qonşu və qohumlardan soruşdum. Bu zaman Vüsalənin Goranboy rayonun kəndində yaşayan baldızımın yanında olmasını müəyyən etdim. Mən baldızım ilə telefon əlaqəsi saxladım. Vüsalənin orada olduğunu, barəmdə şikayət etdiyini bildim".

Bu cinayət işinə Samux Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəriman 240 saat ictimai işlər cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. /Demokrat.az

Milli.Az