Bu da hərbi çağırışdan boyun qaçırmadır - 2 il həbs

13 Dekabr 2024 15:46

Azərbaycan Respublikası vətəndaşlarının tibbi müayinədən keçməsi (tibbi şəhadətləndirilməsi) hərbi vəzifə sayılacaq.

Milli.Az bildirir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Tibbi şəhadətləndirilmə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların, hərbi vəzifəlilərin, bu Qanunda nəzərdə tutulan hallarda hərbi vəzifəli olmayanların və hərbi qulluqçuların hərbi xidmətə, o cümlədən ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə xüsusi təyinatlı təhsil müəssisələrində təhsilə (xidmətə) yararlılığının təyin edilməsi məqsədilə sağlamlıq vəziyyətinin, fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsidir.

Komitədə müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə, "çağırışdan boyun qaçırma" dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşüləcək.

Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Milli.Az