Fransanın nökəri İrəvan ona xəyanət edir

13 Dekabr 2024 12:20

Dünya siyasəti səhnəsində "azadlıq, bərabərlik və qardaşlıq" şüarını daim təkrarlayan Fransa, riyakarlığın ən bariz simasına çevrilib. İnsan haqları və sülh barədə yüksək tribunalardan səsləndirilən bəyanatlar əslində ikiüzlü siyasətin örtüyüdür. Bu siyasət özünü silah satışlarında və hərbi münaqişələrin qızışdırılmasında büruzə verir. Bu riyakarlığın mərkəzində isə Ermənistan dayanır. Fransa Ermənistanı böyük geosiyasi oyunun bir vasitəsinə çevirib və "dostluq" adı altında onu ölümcül silahlarla təmin edir.

Xəyanət isə sivil dünyanı ayaqda saxlayan etimad təməlini yavaş-yavaş, qaçılmaz şəkildə dağıdan bir zəhərdir. Müttəfiqlər siyasi maraqlara haqq qazandıraraq mənəvi sərhədləri aşdıqda, xəyanət ədalət və beynəlxalq sabitlik prinsiplərinə yönəlmiş kütləvi qırğın silahına çevrilir. Bu gün biz elə bir xəyanətin şahidi oluruq ki, onun episentrində Fransa və Ermənistan dayanır. Onlar qan üzərində öz şəxsi maraqları naminə alçaldıcı bir oyun qurublar.

Fransa və Ermənistan arasında 2025-ci il üçün nəzərdə tutulan hərbi əməkdaşlıq sazişi sadəcə bir sənəd deyil. Bu, beynəlxalq ictimaiyyətə meydan oxumaq, bəzi ölkələr üçün gizli intriqalar və geosiyasi oyunların insan həyatından daha üstün olduğunu göstərən sübutdur. Bu razılaşmanın fonunda dəhşətli məlumatlar ortaya çıxır: Ermənistan, Fransa tərəfindən təchiz edilən yüksək texnologiyalı silahları Rusiyaya ötürməyə hazırlaşır.

Rusiyaya ötürülməsi nəzərdə tutulan silahlar arasında bu sisğemlərin yer aldığı iddia edilir:

1. "Caesar" - Ukraynaya dəstəyin simvoluna çevrilən Fransanın özüyeriyən haubitsası.

2. VBL və "Bastion" - müdafiə üçün yaradılan, amma hücum vasitəsinə çevrilə bilən zirehli nəqliyyat vasitələri.

3. "Milan" - Fransa və Hindistanın birgə səylərinin simvolu, lakin artıq ikili xəyanətin alətinə çevrilir.

4. "Akash" - havada qüvvələr balansını dəyişdirmək gücünə malik zenit-raket sistemi.

Bu silahlar sadəcə hərbi texnika deyil, eyni zamanda Fransa və Ermənistanın gizli oyunlarında istifadə etməyə hazır olduqları siyasi simvollardır.

Sızdırılan məlumata görə, daşınmaların təşkili Ermənistanın Rusiyanın biznes strukturları ilə sıx bağlı olan "Spayka" şirkətinə tapşırılıb. Məhz belə şirkətlər vasitəsilə müharibə üçün "kölgə dəhlizi" adlandırılan sistem işə salınır. Ermənistanın Fransadan, Hindistandan və İrandan aldığı silahlar Rusiya hərbçilərinin əlinə keçir. İlk böyük partiyanın 15 dekabrda çatdırılması planlaşdırılıb. Bu, sadəcə təqvimdə bir tarix deyil - Ermənistanın hansı tərəfdə olduğunu və Fransanın öz ambisiyaları naminə nə qədər uzağa gedə biləcəyini göstərəcək həqiqət anıdır. Avrointeqrasiyaya can atdığını iddia edən İrəvan Moskva ilə təhlükəli oyunlar oynamağa davam edərək öz tərəfdaşlarının etimadını sarsıdır. Eyni zamanda bu hərbi texnikamnı alan Ermənistan bütün Cənubi Qafqaz regonundakı mümkün stabillik üçün real təhdid mənbəyinə çevrilir.

Ukrayna mənbələri vurğulayır ki, bu sızma hələ dəqiq təsdiq olunmasa da, əvvəlki məlumatlarla tamamilə üst-üstə düşür. Ermənistanla Rusiya arasındakı gizli razılaşmalar haqqında əvvəlki məlumatlarla bağlı bu uyğunluq artıq çox şeyi deyir. Əgər bu məlumat təsdiqlənərsə, bu, Fransanın ikiüzlülüyünün daha bir sübutu olacaq.

Əgər Fransa və Ermənistan sərt tədbirlərlə üzləşməsə, yaşanan olaylar təhlükəli bir presedent yaradacaq. Qərb qətiyyətlə hərəkət etməli, Ermənistanla əlaqələrə yenidən baxmalıdır. Belədə hər hansı güzəşt zəiflik kimi qəbul ediləcək. Fransa da mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır. Nə böyük dövlət statusu, nə də Emmanuel Makronun ambisiyaları belə təxribatçı hərəkətlərə bəraət qazandıra bilməz. Ən nəhayət, hər bir haubitsa, hər bir mərmi beynəlxalq nəzarətdə olmalıdır.

Fransa və Ermənistan bu gün tarixin qaranlıq tərəfinə addım atdı, lakin bu addımın qiyməti qaçılmaz olaraq gələcək nəsillərin çiyinlərinə düşəcək. Qərb tərəfdaşları unutmamalıdır: xəyanət vaxtı keçməyən bir cinayətdir və susqunluq yeni faciələrə yol açır.

Xəyanət - etimadla yaradılmış hər şeyi məhv edən zəhərdir. Bu, prinsipləri məhv edir, ittifaqlara istehza edir və mənəviyyatı farsa çevirir. Fransa və Ermənistan bu gün hərbi razılaşma bağlayaraq bu təhlükəli yola qədəm qoydular. Bu razılaşma strateji müqavilədən daha çox, çirkin bir ticarəti xatırladır. Tərəzilərin bir gözündə sədaqət, digərində isə öldürücü silah dayanır.

Hər bir silah satış müqaviləsində onun təkrar ixracına qəti qadağa qoyulur. Amma biz nə görürük? Təftiş və sərt bəyanatlar əvəzinə -susqunluq. Paris ya kor olub, ya da könüllü olaraq baş verənləri görməməzliyə vuraraq öz texnikasının başlanğıcda qarşı olduğu düşmənlərin əlinə keçməsinə şərait yaradır.

İrəvan çoxdan siyasi ikiüzlülüyü sənət səviyyəsinə qaldırıb. Ermənistanın baş naziri Nikol Paşinyan avrointeqrasiyanı dəstəklədiyini bəyan edir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələrin kəsiləcəyini söz verirdi, bu gün isə İrəvan Parislə məxfi sövdələşməyə gedərək Rusiyaya yarınmağa çalışır.

Bir tərəfdən Ermənistan Qərbə özünü müdafiəyə ehtiyacı olan demokratik və Qərbyönümlü bir dövlət kimi təqdim edir. Digər tərəfdən, Moskvanın sadiq əlaltısı olaraq onun hərbi maşınına dəstək verir. Bu "ikili oyun gambiti" İrəvanınillərdir oynadığı bir oyunudursa, Paris indi Paşinyan komandasının primitiv rəzalətinə dəstək verir.

Sual yaranır: necə oldu ki, dünyanın ən güclü kəşfiyyat xidmətlərindən birinə malik olan Fransa bu anı gözdən qaçırdı? Paris silahlarının haraya getdiyini bilmirdi? Yoxsa bütün bunlar şüurlu olaraq öz ambisiyalarına uyğun siyasətdir?

Guya "sülhə sədaqəti"ni uca səslə, fasiləsiz bəyan edən Fransa əslində Cənubi Qafqazda gərginliyin artması üçün var gücü ilə çalışır. Ermənistana müasir silahların fasiləsiz axını təmin edilir: hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli artilleriya qurğuları, döyüş dronları və zirehli texnika. Bütün bunlar "müdafiə silahları" kimi təqdim olunur, lakin hamımıza aydındır ki, bu silahlar əslində kimə qarşı yönəldilib.

Son nümunələr təkcə narahatlıq yox, eyni zamanda hiddət doğurur: Paris Ermənistanı müasir daşınan zenit-raket kompleksləri ilə təmin edir ki, bu da həm hərbi, həm də mülki obyektlər üçün ciddi təhlükə yaradır. Bu ölümcül texnologiyalar Fransanın Ermənistan rejiminə verdiyi dəstəyin birbaşa simvoluna çevrilib.

Parisin hərəkətlərini altruizm kimi qəbul etmək sadəlövhlük olardı. "Dostluq dəstəyi" adı altında soyuq bir kommersiya marağı dayanır. Fransa şirkətləri, məsələn, "Dassault Aviation", "Thales Group" və "Nexter Systems" Ermənistanın militarizasiyasından milyardlarla gəlir əldə edirlər. Eyni zamanda, müqavilələr "hərbi modernizasiya" kimi rəsmiləşdirilir ki, bunun əsl məqsədini - Ermənistanı regionda sabitliyi pozmaq üçün hərbi forposta çevirmək - gizlətsinlər.

Məsələn, 2023-cü ildə Paris Ermənistanla orta mənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükü üzrə müqavilə bağladı. "Təhlükəsizlik dəstəyi" adı altında həyata keçirilən bu addım yeni təxribatlar zəncirinin bir halqasına çevrildi. Bu il isə Ermənistan üçün uzaqmənzilli artilleriyanın tədarükü ilə bağlı xəbərlər yayıldı ki, bu artilleriya Azərbaycan ərazisində strateji obyektləri hədəfə ala bilər. Fransa qəsdən odu körükləyir ki, Qafqaz daim münaqişə ocağı olaraq qalsın.

Fransa diplomatiyasının ikiüzlülüyünün simvoluna çevrilmiş Emmanuel Makron Ermənistanın militarizasiyasını açıq şəkildə dəstəkləyir. Onun "Ermənistanın təcavüzdən qorunması" barədə bəyanatları əslində aldatma və görüntüdən başqa bir şey deyil. Yelisey Sarayının pərdəarxası danışıqlarında regionun taleyi müəyyənləşdirilir, lakin diplomatiya əvəzinə reallıqda trivial silah alveri durur.

Fransa parlamenti isə erməni lobbisinin təzyiqinə boyun əyərək hərbi tədarükün artırılmasını aktiv şəkildə təşviq edir. Paris və İrəvan arasındakı "sarsılmaz dostluq" haqqında bəyanatlar hər dəfə yeni ölümcül silah partiyasının göndərilməsi ilə nəticələnir.

Fransa öz hərəkətlərini "humanitar yardım" ritorikası ilə ört-basdır etməyə çalışır. Sən demə, Ermənistana tədarük olunanlar yalnız "zirehli jiletlər, rabitə cihazları və digər avadanlıqlar"mış. Amma həqiqət odur ki, bu "yardım" əsas silah arsenalını tamamlayır və Ermənistanın hərbiləşdirilməsinə xidmət edir. Bu yardım yox, müharibəyə hazırlıqdır.

Fransa sanki usta fırıldaqçı kimi diqqəti gözəl "demokratiya" sözləri ilə yayındırır, amma əslində qoltuq altından ölümcül silahları çıxarır. O, Ermənistanı münaqişəni davam etdirmək üçün hər cür vasitə ilə təmin edir, özünü isə sülhün müdafiəçisi kimi qələmə verir.

Fransa çoxdan vasitəçilik sərhədlərini aşaraq münaqişənin birbaşa iştirakçısına çevrilib. Onun hərəkətləri Ermənistanı təcavüzə sürükləyir, onu Türkiyə, Azərbaycan və Rusiyaya qarşı bir alətə çevirir. Bu "dəstək" Ermənistan xalqını Qərbin ambisiyalarının girovuna çevirərək, ölkəni daha çox əzab-əziyyətə məhkum edir.

Bir vaxtlar azadlıq simvolu olan Fransa bayrağı bu gün qan və riyakarlığın rəmzinə çevrilib. Paris təkcə Ermənistanı silahlandırmır - o, regionda sülh perspektivlərini bilərəkdən məhv edir. İnsan haqları barədə yüksək bəyanatlar səsləndirən Fransa Qafqazı geosiyasi qisas meydanına çevirir, unudaraq ki, bu oyunların qurbanı - insan həyatıdır.

Tarix bu rüsvayçılığı unutmayacaq: "demokratiya", dişinə qədər silahlanmış, və Fransa, militarizmin, ikiüzlülüyün və dağıdıcılığın bariz simvolu.

Hər şey göstərir ki, Fransa Cənubi Qafqazda öz təsirini gücləndirmək istəyir və Ermənistanı bu məqsədlə bir alət kimi istifadə edir. Bu artıq diplomatiya deyil, burada insan həyatını riskə atan təhlükəli illüziyalar oyunu var.

Saxtakarlıq, yalan, idbar siyasət həmişə iz buraxır. Bu iz nə unudulur, nə bağışlanır, nə də bəraət qazandırılır. Bu gün Fransa və Ermənistan öz hərəkətləri ilə yalnız etimadı sarsıtmadılar, həm də Cənubi Qafqazda vəziyyətin gərginləşərək birbaşa eskalasiyasına "töhfə" verirlər.

Fransa, böyük inqilabların və hüquqlar uğrunda mübarizənin ölkəsi bu gün murdar və qanlı oyunların iştirakçısına çevrilir. Ermənistan isə, kiçik, lakin hiyləgər oyunçu olaraq, ittifaqlardan manipulyativ şəkildə yararlanmağa, kölə sədaqətini və nökərçilik xidmətilərini silah müqabilində satmağa çalışır.

Fəqət tarix amansızdır - Fransanın haubitsalarının və Ermənistanın prinsipiallıqdan uzaq siyasətinin qanlı izi onların hökmünə çevriləcək.

Elçin Alıoğlu
Trend