Prezident İlham Əliyev elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarını təqdim etdi

28 May 2010 02:10
AzərTAc-ın verdiyi xəbərə görə, Prezident İlham Əliyev elm sahəsi üzrə geologiya-mineralogiya elmləri doktoru Adil Əliyevə, geologiya-mineralogiya elmləri doktoru Elmira Əliyevaya, geologiya-mineralogiya elmləri doktoru Fərid Dadaşova, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əkpər Feyzullayevə, akademik İbrahim Quliyevə "Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı" elmi nəşrlər silsiləsinə görə Dövlət mükafatlarını təqdim edib.

Mədəniyyət sahəsi üzrə Xalq Artisti Alim Qasımova ifaçılıq fəaliyyətinə görə Dövlət mükafatı təqdim olunub.

Dövlət başçısı ədəbiyyat sahəsi üzrə akademik Bəkir Nəbiyevə, filologiya elmləri doktoru Məhərrəm Qasımlıya, AMEA-nın müxbir üzvü Teymur Kərimova, filologiya elmləri doktoru Vilayət Quliyevə, filologiya elmləri üzrə fəlsəfə doktoru Nikpur Cabbarlıya, filologiya elmləri doktoru Nizaməddin Şəmsizadəyə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə Dövlət mükafatlarını təqdim edib.

Dövlət mükafatı laureatları Adil Əliyev, Alim Qasımov və Bəkir Nəbiyev təltif olunanlar adından Azərbaycan elminə, mədəniyyətinə, ədəbiyyatına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

Milli.Az