Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi Azərbaycanın gələcək inkişafı üçün strateji hədəflər müəyyənləşdirdi - Politoloq

12 Dekabr 2024 19:36

Ulu Öndər Heydər Əliyevin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. O, müasir dövlətçiliyimizin təməlini qoymuş dahi şəxsiyyətdir. Onun liderlik keyfiyyətləri, yüksək idarəetmə bacarığı və uzaqgörən siyasəti sayəsində Azərbaycan xalqı ən çətin anlarında möhkəm dayağa malik olub. Heydər Əliyev xalqının ən çətin dövründə xilaskarı olmuş, ölkəni siyasi xaos və iqtisadi böhranlardan çıxararaq, müstəqil bir dövlət kimi möhkəmləndirib. O, Azərbaycanın beynəlxalq arenada layiqli yer tutmasını təmin edən, tarixi missiyasını uğurla həyata keçirən unikal lider olub.

1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan təəssüf ki, bu şərəfli yola çox ağır şəraitdə başlamışdı. Siyasi çəkişmələr, idarəetmədə xaos, iqtisadi tənəzzül və Ermənistanın təcavüzü ölkəni daxili böhranlara sürükləyirdi. Dövlət strukturları iflic olmuş, xalq ümidsizliyə qapılmışdı. Məhz belə bir zamanda xalqın çağırışı ilə Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıtdı və Azərbaycan üçün xilaskar rolunu oynadı. Onun rəhbərliyi altında ölkədə siyasi sabitlik bərpa edildi, hüquqi dövlət quruculuğu prosesi başlandı.

Heydər Əliyev strateji baxışa malik lider kimi ölkənin iqtisadi inkişafı üçün möhkəm təməl yaratdı. 1994-cü ildə imzalanan və "Əsrin müqaviləsi" kimi tanınan neft sazişi Azərbaycanın gələcək inkişafının təminatçısı oldu. Bu müqavilə yalnız neft sektorunun inkişafını deyil, eyni zamanda, qeyri-neft sektorunun da dirçəlməsi üçün zəruri iqtisadi resursların yaranmasına imkan verdi. Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılması, ölkəmizi beynəlxalq səviyyədə mühim tərəfdaşa çevirdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi qlobal enerji layihələri Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirdi.

Ulu Öndərin idarəçiliyində milli həmrəyliyin və vətəndaş birliyinin təmin edilməsi xüsusi yer tuturdu. Onun təşəbbüsü ilə xalq arasında milli birliyin təmin edilməsi ölkənin gələcək inkişafı üçün əsas şərt oldu.

Heydər Əliyevin apardığı balanslaşdırılmış xarici siyasət Azərbaycanın həm Şərq, həm də Qərb ölkələri ilə tərəfdaşlıq əlaqələrinin inkişafına yol açdı. Beynəlxalq təşkilatlarla əməkdaşlıq, ölkəmizin maraqlarının qorunması və dünya dövlətləri ilə qarşılıqlı faydalı əlaqələrin qurulması onun xarici siyasət kursunun başlıca xüsusiyyətlərindən idi.

Heydər Əliyevin uzaqgörənliyi yalnız o dövrün problemlərinin həlli ilə məhdudlaşmadı. O, Azərbaycanın gələcək inkişafı üçün strateji hədəflər müəyyənləşdirdi və bu siyasət sonrakı dövrlərdə də uğurla davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu kurs yeni mərhələyə keçərək ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni sahələrdə dayanıqlı inkişafını təmin etdi.

Heydər Əliyevin adı yalnız Azərbaycanın müstəqillik tarixində deyil, həm də dünya liderləri sırasında nümunəvi bir örnək kimi yadda qalacaq. Heydər Əliyev xalqının yaddaşında əbədi olaraq böyük lider və dövlət xadimi kimi yaşayacaq.

Azər Qarayev,
Politoloq