Hərbi xidmətə çağırılanların yekun müayinəsi bu qaydada aparılır

12 Dekabr 2024 18:24

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinələrin aparılması prosesi davam etdirilir.

Bu barədə Milli.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilib.

Bildirilib ki, prosesin elektron infrastruktur üzərindən həyata keçirilməsi təmin edilir ki, bu da müayinələrin çevikliyini və şəffaflığını şərtləndirir:

"Belə ki, çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyi təsdiq edilərək Nazirliyin "Tibbi şəhadətləndirmə" altsisteminə müvafiq göndəriş daxil edilir. Göndəriş əsasən çağırışçılar üçün avtomatik təyin edilən e-növbəliliyi qaydasında onlar Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirilir. Müayinələr aşağıdakı 4 kateqoriya üzrə yekun tibbi müayinələrə cəlb edilirlər:

Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında ("B" kateqoriyası);

Həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında ("Ç" kateqoriyası);

Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında ("C" kateqoriyası);

Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında ("D" kateqoriyası)

Müayinənin yekun qərarı da e-sistemə daxil edilir və həmin qərar barədə çağırışçıya elektron qaydada məlumat göndərilir".

Milli.Az