"Bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bilavasitə pozur"

12 Dekabr 2024 13:48

Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, çox önəmli məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu faktorudur.

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Bununla bağlı biz Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlarda bizim Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər, təbii ki, bizi qane edə bilməz. Mən onu da qeyd etmək istərdim ki, bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti bir qərarı olub.

Hesab edirəm ki, Konstitusiya Məhkəməsinin qərarı bu məsələni daha da mürəkkəbləşdirib. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında Ermənistan konstitusiyasının preambulasının dəyişməz olduğu, xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması barədə qərar qəbul edilib. Hesab edirik ki, bu, məsələni daha da mürəkkəbləşdirir.

Çünki məhz Ermənistan konstitusiyasının preambulasında Ermənistanın müstəqillik aktına istinad var. Həmin o müstəqillik aktı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bilavasitə pozur. Hesab edirik ki, bu Konstitusiya Məhkəməsinin qərarı vəziyyəti daha da mürəkkəbləşdirir", - deyə nazir vurğulayıb.

Milli.Az