Türkiyənin müharibəyə hazırlıqlardan xəbərdar olub-olmaması ilə bağlı suallara cavab verən bir türk rəsmisi Reuters-ə açıqlamasında bildirib: "HTŞ bizdən əmr və ya təlimat almır və əməliyyatlarını bizimlə koordinasiya etmir."
Milli.Az xəbər verir ki, 13 illik vətəndaş müharibəsindən sonra, 27 noyabr tarixində Suriyadakı müxalif üsyançılar bir əməliyyata başlayıb və qısa müddətdə Suriyanın ikinci böyük şəhəri Hələbi, ardından Hama və Humsu nəzarətə götürüb.
Təxminən 10 gün ərzində Dəməşqə qədər irəliləyən əməliyyatlardan sonra, Suriyada Prezident Bəşər Əsəd dövrünün sona çatdığı bir çox mənbə tərəfindən təsdiqlənib.
Bölgədə fəal olan bir diplomat və Suriyanın müxalif qanadından bir mənbə Reuters-ə bildirib ki, üsyançı qüvvələr təxminən altı ay əvvəl hücum planlarını Türkiyəyə təqdim ediblər.
İki mənbənin verdiyi məlumata görə, müxalif qüvvələr Türkiyənin dolayı yolla razılığını aldıqlarını hiss etdikdə, Prezident Bəşər Əsəd rejimini devirmək üçün bir fürsət yarandığına inanılıb.
Müxalif qüvvələrin təxminən iki həftə əvvəl başlatdığı əməliyyatın ilk hədəfi olan Suriyanın ikinci böyük şəhəri Hələbin sürətli şəkildə ələ keçirilməsi demək olar ki, hər kəsi təəccübləndirib. Bir həftədən bir az daha uzun müddətdə Heyət Təhrir əş-Şam (HTŞ) və Suriya Milli Ordusunun rəhbərlik etdiyi müxalif qruplar Dəməşqə çataraq bazar günü Əsəd ailəsinin əlli illik hakimiyyətinə son qoyublar.
Bu ildırım sürətli irəliləyiş Əsəd əleyhinə qüvvələr üçün bütün şəraitin onların lehinə mükəmməl şəkildə formalaşması ilə mümkün olub. Əsədin ordusunun əhvalı pozulmuş və gücdən düşmüşdü; əsas müttəfiqləri olan İran və Livan "Hizbullah"ı İsraillə qarşıdurmalar səbəbindən ciddi şəkildə zəifləmişdi; digər əsas hərbi dəstəkçisi olan Rusiyanın isə diqqəti dağılmış və Suriyaya marağı azalmışdı.
Lalə Qüdrətova
Milli.Az