Azərbaycanda bağçalarla bağlı YENİLİK - Nazir AÇIQLADI

4 Dekabr 2024 11:20

Məktəbəqədər təhsildə "ailə modeli" yaradılacaq.

Milli.Az bildirir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı II beynəlxalq konfransda deyib.

"Daha kiçik kəndlərdə məktəbəqədər təhsildə "ailə modeli" yaratmaq üçün pilot layihə üzərində işləyirik", - nazir qeyd edib.

O bildirib ki, ucqar kəndlərdə avtobus vasitəsilə məktəbəqədər təhsil xidmətini göstərmək planlaşdırılır:

"İcma əsaslı məktəbəqədər təhsil mümkün olmayan ərazilərdə bu modeli tətbiq edəcəyik. Bu modeldə uşaqların bir ailədə təhsil alması nəzərdə tutulur. Ucqar kəndlərdə bunun üçün avtobuslar ayrıla bilər".

Nazirin sözlərinə görə, uşaq bağçalarında ən böyük maneə sovet dönəmindən qalmış modeldir. O bildirib ki, həmin modeldə uşaq bağçaları təhsil müəssisəsindən daha çox qayğı yeri kimi qalıb:

"Digər tərəfdən, bu model çox bahalıdır. Dünyanın heç bir ölkəsində uşağı gündə dörd dəfə qidalandırıb təmirli binada saxlamaq nümunəsi yoxdur. Ona görə də bir çox ölkələrdə dövlət-özəl tərəfdaşlığına əsaslanan modellər təklif olunur. 2017-18-ci illərdən icma əsaslı məktəbəqədər təhsil modeli tətbiq olunur. Bu modelin qiyməti ənənəvi modeldən xeyli ucuzdur".

Milli.Az