Azərbaycanda hər 5 avtomobildən biri bu standartlara cavab vermir

4 Dekabr 2024 10:27

Ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür.

Milli.Az xəbər verir ki, statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. 

Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən "Fors" MMC reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlanılıb.

Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı hazırlanıb.

Nəqliyyat vasitəsi utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim edilir. Həmin sənəd əsasında yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş almaq mümkündür.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır.

Milli.Az