Sumqayıtdakı partlayışda zərər dəyən evlər sığorta ödənişi ala bilər?

3 Dekabr 2024 14:55

Məlum olduğu kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə və Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib. Partlayışlar nəticəsində müvafiq əmlaklarda ciddi zərər meydana gəlib.

Azərbaycan Sığortaçılar Assosiasiyasından Trend-ə bildiriblər ki, müvafiq partlayış hadisələri sığorta hadisəsi hesab edilir.

"Müvafiq əmlakların sığortası varsa, həmin əmlakların sahibləri sığortalandıqları sığorta şirkətlərinə müraciət edə bilərlər. Nəticədə müvafiq hadisə sığorta hadisəsi kimi tanındıqdan sonra ödəniş əldə edə bilərlər", qurumdan qeyd olunub.

Qeyd edək ki, Daşınmaz əmlakın icbari sığortası respublika ərazisində məcburidir və bu sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Məlumat üçün bildirək ki, müvafiq qanunvericiliyə əsasən respublika ərazisində yerləşən yaşayış əmlakları 3 qrup üzrə sığortalanır. Belə ki, Bakı şəhərindən yerləşən yaşayış əmlakları üzrə sığorta haqqı 50 manat, sığorta təminatı isə 25 min manata qədər, Gəncə, Sumqayıt, Naxçıvan şəhərlərində yerləşən yaşayış əmlakları üzrə sığorta haqqı 40 manat, sığorta təminatı 20 min manata qədər, respublikamızın digər ərazilərində yerləşən yaşayış əmlakları üzrə isə sığorta haqqı 30 manat, sığorta təminatı 15 min manat qədər təşkil edir.

Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq vətəndaşlarımıza bildirmək istəyirik ki, bu kimi hadisələr gözlənilməzdir və qaçılmazdır. Məhz buna görə də bütün daşınmaz əmlak sahiblərini vaxtında sığortalanmağa çağırırıq.

Milli.Az