ABŞ-nin Azərbaycandakı səfiri istefa verdi - Səbəbini AÇIQLADI

3 Dekabr 2024 12:10

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi istefa verib.

Milli.Az xəbər verir ki, bu barədə M.Libbinin ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında dərc edilən bəyanatında deyilir.

"ABŞ diplomatik xidmətindən istefamı ürək ağrısı ilə bəyan edirəm. 2023-cü ildə ABŞ Senatı qarşısında dinləməmdə qeyd etdiyim sağlamlıq qayğıları, təəssüf ki, davam etmişdir. Bakıya gəldiyim vaxtdan etibarən xüsusilə minnətdar olduğum Mərkəzi Klinikadakı diaqnostik radiologiya komandasının qayğısı da daxil olmaqla, əla tibbi xidmətdən faydalanmışam. Lakin son test nəticələri göstərir ki, tamamilə öz sağlamlığım üzərində diqqət cəmləmək üçün evə qayıtmaq vaxtıdır. Buna görə də, mən bu son dərəcə məşğul, lakin son dərəcə uğurlu 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacağam", - o bildirib.

O qeyd edib ki, uğurlu 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindədir.

"Bakıdakı səlahiyyət müddətim ərzində ABŞ Səfirlik komandasının və mənim gördüyümüz işlərlə inanılmaz qürur duyuram. Biz ingilis dili proqramlarına sponsorluq etməklə, ABŞ-də təhsil alan azərbaycanlıların sayını xeyli artırmaqla, habelə, geniş səpkili ABŞ alimlərinin, idmançılarının və mədəni təmsilçilərinin Azərbaycana səfərlərinə dəstək verməklə xalqlar arasında güclü əlaqələr qurmuşuq. Biz iqtisadi, ələlxüsus, ənənəvi enerjidən bərpa oluna bilən enerjiyə keçid sahəsində daha dərin əməkdaşlıq qurmuşuq. COP29-da uğurlu nəticə əldə etmək üçün bizim sıx əməkdaşlığımız göstərib ki, biz diqqətimizi cəmləşdirdikdə Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri dünyanı daha yaxşıya doğru dəyişmək üçün birgə işləyə bilərlər", - o bildirib.

Milli.Az