Gözündə problemi olanlara ŞAD XƏBƏR: İcbari tibbi sığorta qarşılayacaq

2 Dekabr 2024 16:20

Çəpgözlük (strabizm) əməliyyatı icbari tibbi sığorta hesabına həyata keçirilir.

Milli.Az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına 379 çəpgözlük əməliyyatı icra olunub. Əməliyyatın məqsədi xəstələrin görmə qabiliyyətini bərpa etmək və ya saxlamaqdır.

Uşaqlıq dövründə vaxtında aparılan konservativ müalicə tədbirləri və cərrahi əməliyyat görmə qabiliyyətinin bərpası və sosial həyat keyfiyyətinin artırılması üçün mühüm əhəmiyyət daşıyır. Əməliyyatın 3-5 yaşlarda icra edilməsi daha məqsədəuyğundur.

Çəpgözlük əməliyyatı müdaxilə olunan əzələlərin sayına görə dəyişir və 1-2 saat davam edə bilir. Sözügedən əməliyyat pasiyentin ümumi vəziyyətindən və yaşından asılı olaraq lokal və ya ümumi anesteziya altında icra olunur. Əməliyyat zamanı gözü hərəkət etdirən (ekstraokulyar) əzələlər tənzimlənərək gözlərin simmetrik vəziyyətə gətirilməsi təmin edilir. Prosedurdan əvvəl xəstənin vəziyyətinin qiymətləndirməsi üçün oftalmoloji müayinələr, tibbi göstərişə əsasən elektromioqrafiya, elektroensefaloqrafiya, ultrasonoqrafiya və lazımi hallarda MRT və ya KT kimi diaqnostik üsullar tətbiq olunur. Əməliyyatdan sonra tam bərpa orta hesabla 1-2 həftə (bəzən 4 həftəyədək) çəkir.

Əməliyyatdan əvvəl və sonra tələb olunan instrumental və laborator müayinələr, xəstəxanada yatış zamanı istifadə olunan dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta tərəfindən təmin edilir.

Sözügedən xidmət icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində tibbi göstəriş və həkim təyinatına əsasən icra olunur.

Məlumat üçün bildirək ki, çəpgözlük göz almalarının orbitada fərqli mövqelərə malik olduğu və sinxron hərəkətləri həyata keçirə bilmədiyi patoloji haldır. Bu vəziyyət bir və ya hər iki gözün müxtəlif istiqamətlərə baxması ilə xarakterizə olunur. Çəpgözlük yalnız estetik deyil, həm də funksional çətinliklərə səbəb olur. Gözlərin müxtəlif istiqamətlərə baxması nəticəsində beyin hər iki gözdən fərqli görüntülər alır, beləliklə mərkəzi sinir sistemi ikili görmədən müdafiə olunmaq üçün çəp gözdən alınan görüntünü ləğv edir (binokulyar görmənin pozulması). Belə bir vəziyyət xüsusilə uşaqlarda uzun müddət mövcud olanda ambliopiya (göz tənbəlliyi) yaradır. Ambliopiya gözlərdən birinin görmə prosesində iştirak etməməsi ilə xarakterizə olunur. Oftalmologiyada ambliopiya görmənin birtərəfli zəifləməsinin aparıcı səbəblərindən biri kimi dəyərləndirilir.

Milli.Az