Ötən gecə "Bakı Konqres Mərkəzi"ndə türkiyəli məşhur müğənni Sertab Erenerin solo konserti baş tutub.
Milli.Az xəbər verir ki, sənətçi səhnə performansı ilə diqqət çəkib. Böyük coşqu ilə keçən konsertdə diqqət çəkən məqam Sertapın bek-vokalçılara müraciət etməməsi olub.
Türkiyəyə "Avroviziya" qalibiyyəti bəxş edən Erener tamaşaçılara təşəkkürünü bildirib. Bakıda yaşayan dostlarının olduğunu deyən sənətçi işbirliyi etdiyi türkiyəli musiqiçinin də paytaxtımıza köçdüyünü və onu görmək üçün şəhərimizə ara-sıra üz tutduğunu sözlərinə əlavə edib.
Konsert ərzində sevilən hitlərini bir-birinin ardınca sıralayan ifaçının mahnılarını izləyicilər onunla birgə oxuyublar. Gecədə bir geyimdən istifadə edən müğənninin şəffaf libası diqqət çəkib.
Qeyd edək ki, 2 saata yaxın davam edən konsertin aparıcılığı Cavid Gülə həvalə olunmuşdu.
Tural
Milli.Az