Natiq Qasımovun adı niyə həmin məktəbə verildi?

30 Noyabr 2024 10:46

Xəbər verdiyimiz kimi Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbi Milli Qəhrəman Natiq Qasımovun adını daşıyacaq. Bu barədə Baş nazir Əli Əsədov qərar verib.

Natiq Qasımov 1991-ci ildə yaradılan "Qaradağ şahinləri" taborunun könüllü əsgəri olub. O, Xocalı rayonu, Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına savaşı davam etdirmişdi. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdü.

Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən "Oqonyok" jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində "Strax" adlı məqalədə təsvir edilmişdi.

Natiq Qasımovun qəhrəmanlığı və şücaətini həzm edə bilməyən erməni səhra komandiri Vitali Balasanyan ona şəxsən müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır işgəncələr verib və qətlə yetirib.

Prezident İlham Əliyevin 25 may 2024-cü ildə imzaladığı sərəncamla Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bildirilib ki, Natiq Qasımov məhz bu məktəbdə təhsil alıb.

Milli.Az