Anar Qasımov Türkiyədə tutuldu

29 Noyabr 2024 14:20

Külli miqdarda qızıl külçələrin qaçaqmalçılığı cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhraman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində Amerika Birləşmiş Ştatlarından Türkiyə Respublikasına gəlmiş, həmin gün Anar Qasımov tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilərək İstanbul Beynəlxalq Hava limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürmüşdür. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirmişdir. Daha sonra Qəhraman Məmmədov bu qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdır. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10.220.900 (on milyon iki yüz iyirmi min doqquz yüz) manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb.

Milli.Az