Atəşkəsin ömrü cəmi 2 gün çəkdi

28 Noyabr 2024 21:54

Cənubi Livanda İsrail atəşi nəticəsində ən azı iki nəfər yaralanıb, dövlət mediası cümə axşamı məlumat yayıb.

Milli.Az xəbər verir ki, bu hadisə, atəşkəs qüvvəyə mindikdən cəmi iki gün sonra İsrail ordusu və Hizbullahın bir-birini atəşkəsi pozmaqda ittiham etməsi ilə baş verib.

İsrail Müdafiə Qüvvələri (IDF) bəyanatında bildirib ki, "bir neçə şübhəli şəxs cənubi Livanda müxtəlif ərazilərə nəqliyyat vasitələri ilə yaxınlaşaraq atəşkəsin şərtlərini pozublar. IDF onlara qarşı atəş açıb."

"IDF cənubi Livanda qalmağa davam edir və atəşkəs razılaşmasının pozulmasına qarşı aktiv tədbirlər görəcək," deyə ordunun açıqlamasında bildirilib.

Hizbullahın Livan parlamentindəki nümayəndəsi Həsən Fədlallah, İsraili cənub kəndlərində evlərinə qayıdan mülki şəxslərə atəş açmaqla atəşkəsi pozmaqda ittiham edib.

"İsrail düşməni sərhəd kəndlərinə qayıdan insanlara hücum edir," deyə Fədlallah parlament iclasından sonra jurnalistlərə bildirib. "Bu gün İsrail tərəfindən bu formada belə pozuntular var."

ABŞ və Fransa vasitəçiliyi ilə əldə edilən razılaşma, Hizbullah döyüşçülərinin Litani çayının şimalına çəkilməsi və İsrail qüvvələrinin sərhədin öz tərəfinə qayıtmasını nəzərdə tutan iki aylıq ilkin atəşkəsi ehtiva edir.

İsrail qüvvələrinin geri çəkilməsi ilə bufer zonanın Livan ordusu və onların yerinə keçən BMT sülhməramlıları tərəfindən patrul edilməsi planlaşdırılır. Bunun bir neçə həftə çəkəcəyi gözlənilir. Cümə axşamı etibarilə isə İsrail sərhəd bölgəsinin hər iki tərəfində tam təhlükəsizlik nəzarətini saxlayırdı.

Lalə Qüdrətova
Milli.Az