Məktəblər bağlanacaq? - Nazir deputatın dediklərini təkzib etdi

28 Noyabr 2024 22:00

Xəbər verdiyimiz kimi, bir müddətdir Azərbaycanda çoxsaylı məktəblərin bağlanması haqqında söz-söhbət gedir. Bu kimi hallar yalnız həmin məktəbdə təhsil alan şagirdləri deyil, həmçinin işləyən müəllimlər, texniki heyət və digər işçiləri də narahat edir.

Bəs belə hallarda yerləşmə necə tənzimlənəcək?

Bu sual bir çox valideyn, müəllim və işçi tərəfindən gündəmə gətirilir. Məktəb bağlanması hallarında, təhsil alan şagirdlərin başqa məktəblərə yönləndirilməsi və müəllim heyətinin başqa tədris müəssisələrinə təyin edilməsi, texniki heyət və digər işçilər üçün də alternativ iş yerləri təklif edilməsi bir sıra məsələlər insanları narahat edir. Bu cür dəyişikliklərin həyata keçirilməsi, həm təhsil keyfiyyətinin qorunması, həm də işçilərin hüquqlarının təmin olunması baxımından çox vacibdir.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunub.

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır. Nazir bildirib ki, 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır: "Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var. Çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti - 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da biz buna getməliyik".

Milli Məclisin 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov isə bildirib ki, rəsmi açıqlamalara əsasən xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır.

"Düşünürəm məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq", - deyə deputat əlavə edib.

Bundan sonra is Elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında paylaşım edərək bildirib ki, 1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Nazir bildirib ki, son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib.

"Bu xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasıdır. Səsləndirilən fikirlər isə aşağıdakılardır:

1. Ölkədə fəaliyyət göstərən təxminən 4400 məktəbin 1500-də 100-dən az şagird təhsil alır.

2. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır).

3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.

Bu üç fikri ümumiləşdirərək "Ölkədə 1500 məktəb bağlanacaq" nəticəsinə gəlmək düzgün deyildir. Onu da qeyd edim ki, cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrə xərclər əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir.

Məktəb şəbəkəsinin rasionallaşdırılması Elm və Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılan məsələ olsa da, yaxın gələcəkdə kütləvi sayda məktəblərin bağlanılması və ya fəaliyyətlərinin dayandırılması planlaşdırılmır",- deyə E.Əmrullayev əlavə edib.

Deputat Ceyhun Məmmədov isə bundan sonra daha bir açıqlama verib:

"Həm Milli Məclisin birgə komitələrinin iclasında səsləndirilən fikirlərdən, həm də nazirliyin dünən verdiyi açıqlamadan bir daha aydın olur ki, Azərbaycanda bir sıra məktəblər artıq bağlanıb və bu proses davam edəcək". 

"Mən həm komitə iclasında, həm də plenar iclasda məktəblərin bağlanmasının yarada biləcəyi problemlərə toxundum. Məktəb təhsil verməklə yanaşı, həm də mədəniyyət və tərbiyə müəssisəsidir. Bu addım bölgələrdə gənclərin savadlılığına, dünyagörüşünün və intellektual səviyyəsinin formalaşmasına mənfi təsir göstərə, eyni zamanda ucqar kəndlərin boşalmasına aparıb çıxara bilər", - o deyib. 

İnqilab Məmmədov
Milli.Az