"Çeşka"nın qiyməti niyə şişirdilir?

28 Noyabr 2024 13:20

Elan saytlarına baxdıqda bəzi avtomobillərin həddən artıq yüksək qiymətə satışa qoyulduğunun şahidi oluruq. Bu avtomobillərdən biri də, el arasında "çeşka" kimi tanınan "Mercedes"lərdir.

Hansı ki, istismar dövrünü bitirən, digər ölkələrdə metalloma verilən, istismardan çıxarılan bu maşınlar elan saytlarında hələ də, 8-9, bəzən 11 minə təklif olunur.

Dizel maşınlara tələbatın azaldığı, Çin avtomobillərinin satış rekordu qırdığı, hibrid və elektromobillərə marağın artdığı bir dönəmdə "Çeşka"nın bu qiymətə satılması təəccüb doğurur.

Qəbul etmək lazımdır ki, dövr dəyişib, insanlar saatlarla tıxacda qalırlar, onların həm pulu gedir, həm də vaxtı, bu səbəbdən də insanlar ekonom maşınlara yönəlirlər. Çin avtomobilləri dözümlülük cəhətdən özünü təsdiqləməsə belə, ekonom olduğuna görə satış rekordları qırıb, Nissan, Volkswagen kimi nəhəngləri çökdürüb.

Qeyd edək ki, Mercedes-Benz W202 modeli 1993-2000-ci illər arasında istehsal edilmiş kompakt lüks avtomobilidir. Bu avtomobil, C sinifinin ilk nümayəndəsi olaraq, həm sedan, həm də universal kuzov variantlarında təklif olunurdu. Benzin sərfiyyatı mühərrik növündən asılı olaraq 8-13 litr arasında dəyişir və dövrün standartlarına uyğun qənaətcil hesab edilirdi. W202-nin mühərrik çeşidində həm benzin, həm də dizel variantları yer alır, onların arasında ən populyarları 1.8, 2.0 və 2.2 litr həcmli mühərriklər idi.

Bu modelin ehtiyat hissələri bazarda geniş yayılmışdı və nisbətən əlçatan idi, lakin orijinal hissələr hazırda bahadır. Müasir avtomobillərin daha yüksək texnologiyalarla təchiz olunması ilə əlaqədar W202-yə maraq azalıb. Buna baxmayaraq, uzunömürlülüyü və sadə texniki quruluşu onu avtomobil bazarında cəlbedici saxlayır.

Həmçinin oxu:

İslam
Milli.Az