Məşuqəsinə görə qızlarına divan tutdu

5 İyul 2012 10:37
8 yaşlı qız yarım il ərzində dözülməz işgəncələrə, təhqirlərə və məşəqqətlərə məruz qalandan sonra həyatını dəyişib.

Milli.Az "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, bununla bağlı olaraq həmin qızın atası həbs olunub.
Polisdən verilən məlumata görə, Həmad əl Səud Şəravi iki qızına altı ay boyunca dəhşətli işgəncələr verib, onları elektroşok tapançası ilə cərəyana məruz qoyub, dəmiri qızdıraraq qızlarının bədəninə basıb, onların üstünə qaynar su töküb.

Şəravinin məhkəməsi dünən başlanıb. 29 yaşlı Şəravi 8 yaşlı Vadiyməni öldürməkdə, 7 yaşlı Məyraya isə dəhşətli işgəncələr verməkdə suçlanır.

Məhkəmədə bildirilib ki, qızlara Şəravi ilə yanaşı, onun hamilə məşuqəsi  - Əl Ənud Məhəmməd əl Ameri də işgəncələr verib.

Prokurorun sözlərinə görə, 8 yaşlı qız ölüm ayağında olanda atası və onun məşuqəsi onu hamama salaraq qapını bağlayıblar. Can verməkdə olan uşaq 7 saat hamamda qalıb, orada da keçinib.
Qızının öldüyünü anlayan ata Vadiymənin meyitini şəhər kənarına apararaq zibilxanaya atıb.
27 yaşlı əl Ameri günahını etiraf etsə də, Əl Şəravi bütün ittihamları rədd edib.

"Sevgilim deyirdi ki, qızlarım onun başını ağrıdır, incidir, hirsləndirirlər. Mən də uşaqlarımı tərbiyə etmək istəyirdim. Onlara tapşırmışdım ki, Əl Ənuda "ana" desinlər. Onlar isə demirdilər və mən də hirslənirdim. Üstəlik, qızlarım həmişə yalan danışırdılar ki, guya Ənud onlara pis baxır, döyür", - Əl Şəravi deyib.

Prokuror Əl Şəravi və Əl Ameriyə edam cəzasının verilməsini tələb edib.

Məhkəmə prosesi iyulun 11-də başa çatacaq.

Milli.Az