Alman avtomobil nəhəngi "Volkswagen" son dövrlərdə ciddi çətinliklərlə üzləşir. Bir neçə il əvvəl karbon emissiyası qalmaqalı ilə gündəmə gələn şirkət elektrikli avtomobillərə keçid edəcəyini bəyan etsə də, bu sahədə gözlənilən nəticəni əldə edə bilməyib. Nəticədə, Volkswagen istehsal proseslərini Almaniyadan kənara və ya başqa markaların zavodlarına köçürmək qərarı alıb.
Milli.Az xəbər verir ki, şirkət bu qərarı ilə bağlı Almaniyada minlərlə işçisini işdən çıxarmaq niyyətini açıqlayıb. Bu vəziyyət işçi həmkarlar ittifaqlarının narazılığına səbəb olub və onlar son günlər "Volkswagen"i etiraz aksiyaları ilə təzyiq altında saxlayır. Bu gün isə işçilər və onların tərəfdarları "Volkswagen"in "tabutunu" qaldıraraq, firmanın çətin vəziyyətinə simvolik diqqət çəkiblər.
"Volkswagen"in tamamilə iflasa uğrayacağını düşünmək üçün əsaslar olmasa da, firmanın mövcud vəziyyəti də optimist gözlənti yaratmır. Əgər Çin hökuməti elektrikli avtomobil istehsalçılarına dəstəyi dayandırsa, "Volkswagen" bazarda əvvəlki mövqeyinə qayıda bilər.
"Volkswagen"in əməkdaşları ilə aparılan kollektiv müqavilə danışıqlarının üçüncü mərhələsi də nəticəsiz qalıb. İşçilər qənaət planlarına etirazlarını "Gələcək - ləğv deyil" və "Bütün zavodlar açıq qalmalıdır" kimi şüarlar yazılmış pankartlarla ifadə ediblər.
"Volkswagen" isə böyük ixtisarlar etməkdə və Almaniyadakı üç zavodun fəaliyyətini dayandırmaqda qərarlıdır. İşçilər isə razılıq əldə olunmasa, 1 dekabrda tətilə başlayacaqlarını bildiriblər.
Bəxtiyar Umarlı
Milli.Az