Milli Məclisin son iclasında bəzi deputatların ( millət vəkili yox), xüsusilə də Siyavuş Novruzovun şəhid ailələri, veteranların əlillik alması və məşğulluqla bağlı söylədikləri indi müzakirə mövzusudur.
"Burada diskussiya gedir. Parlament diskussiya yeridir. Diskussiya aparmalıyıq və həqiqəti tapıb müəyyən qanun qəbul etməliyik. Ona görə də bu diskussiyaya normal baxmaq lazımdır və normal qeyd etmək lazımdır", - Milli Məclisin plenar iclasında parlamentin regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
Parlamentin plenar iclasında müzakirəyə çıxarılan "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinə münasibət bildirərkən S.Novruzov bildirib ki, şəhid ailələri və veteranlara güzəştlərin verilməsi ilə bağlı çoxlu qanunlar, Prezidentin fərmanı, icra hakimiyyətlərinin sərəncamları var: "Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə iki inək, ona bir illik zəmanət verilir. Heç olmasa, üç aylıq da yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır. Eyni zamanda, müharibə veteranları ilə bağlı müraciətlər olur. Onlar əlillik təyinatı almaq üçün müraciət edirlər. Ola bilər, hansısa kompüter, aparat onu göstərə bilmir. Əgər qucağında silahla kazarmada yatmamısansa, bunu dərk edə bilməzsən. Beş dil bilə bilərsən, amma yanında döyüş yoldaşının ölməsi ilə keçirilən psixoloji sarsıntını heç kəs bilə bilməz".
Nazir Sahil Babayev isə cavabında qeyd edib ki, elektron şəkildə hər bir şəhid ailəsinə olan imtiyazlar var: "Bununla bağlı bukletlər də çap olunub. Təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməsin. Təqdim olunmuş heyvanlarla bağlı AQTA-nın xəstəlik-sağlamlıq arayışları olur. Araşdırmamış heç kim heç nə deməsin".
Siyavuş Novruzovun bəhs etdiyi "mal-heyvan"a gəldikdə isə, ümid edirəm sadəcə, bilgisizlikdən belə danışıb.
Belə ki, gələn idl Özünüməşğulluq Proqramı çərçivəsində dəstək alanların sayı 100 min nəfəri ötəcək. Bu proqram iştirakçılarına öz kiçik təsərrüfatlarını qurmaq üçün mal və materiallar, o cümlədən heyvandarlıq sahəsində istifadə edilə biləcək mal-qara təqdim edilir.
Fəqət burada əsas şərt vətəndaşın təqdim edilən davardan razı qalmasıdır. Əgər proqram iştirakçısı ona təklif olunan mal-qaradan narazıdırsa, həmin davarlar yeniləri ilə əvəzlənir. Razılıq əlaməti olaraq vətəndaş təqdim edilən mal və materialları qəbul etdiyini təsdiqləmək üçün xüsusi bir akt imzalayır. Həmçinin, bu proses videoçəkiliş vasitəsilə də sənədləşdirilir ki, iştirakçının razılığı tam şəffaf şəkildə təsdiq olunsun.
Proqram çərçivəsində təqdim edilən heyvanlar və digər aktivlər yalnız Qida Təhlükəsizliyi Agentliyinin yoxlamasından keçmiş, sağlamlıq sertifikatlarına malik olan vasitələrdən ibarətdir. Vətəndaşa təqdim edilən mal-şeyvanla birlikdə bütün lazımi sənədlər, o cümlədən heyvanların sağlam olduğuna dair arayışlar da təqdim edilir.
Əlavə olaraq, vətəndaşın günahı olmadan təqdim edilmiş mal-heyvanın keyfiyyətində bir ay ərzində hər hansı bir problem yaranarsa, onlar 30 gün ərzində yeniləri ilə əvəz edilir.
Proses "məxfi" deyil, proqram çərçivəsində vətəndaşlara verilən mal-heyvanın sayı, vəziyyəti, həmçinin bütün digər məlumatlar ictimaiyyət üçün açıqdır.
Proqram iştirakçılarına verilən mal və materialların sayı, təhvil prosesi ilə bağlı video və fotomateriallar, habelə onların keyfiyyəti barədə məlumatlar "e-sosial" internet portalında var.
Bu qədər bəsit, Siyavuş Novruzov...
İlk baxışdan Siyavuş Novruzov vətəndaşları və cəmiyyəti narahat edən problemlərdən bəhs edir. Onun çıxışının qayəsini də "vətəndaşların qayğılarına çözüm tapmaq istəyi" təşkil etdiyini də göstərməyə çalışıb.
Fəqət, belədirmi?
Milli Məclis xalqın maraqlarını qorumaq, qanunların mükəmməl işləkliyini təmin etmək və dövlətin gələcək inkişafına xidmət etmək məqsədi daşıyır. Ancaq bəzi deputatlar bu ali missiyanı şəxsi mənafeləri üçün istifadə edərək, parlamenti siyasi arenadan çox, populist şou meydanına çevirməyə çalışırlar. Belə şəxslərin sırasında Siyavuş Novruzov xüsusilə seçilir - nəinki fəaliyyəti ilə, hətta fəaliyyətsizliyi ilə də.
Siyavuş Novruzovun Milli Məclisdəki çıxışları, əslində, teatr səhnəsini xatırladır. O, hər dəfə emosional, pafoslu ritorikalarla guya "xalqın dərdini bölüşdüyünü" göstərməyə çalışır. Əslində isə bu nitqlərdən yalnız bir məqsəd sezilir - diqqət çəkmək və sosial şəbəkələrdə "xalqın müdafiəçisi" kimi təsir bağışlamaq. Amma sual yaranır: bu çıxışlar nəticəsində hansı real addımlar atılıb? Hansı problemlər həll olunub? Siyavuş Novruzovun müəllif olduğu bircə qanun layihəsi belə varmı?
Siyavuş Novruzovun fəaliyyəti illərdir danışıqdan və parlament iclaslarında göstərilən emosional "spiç"lərdən ibarətdir. Həqiqətdə isə, o və onun kimilər Milli Məclisin səlahiyyətlərini populizm bataqlığına sürükləyərək parlamentin nüfuzunu zədələyir.
Siyavuh Novruza xatırladım ki, deputatın əsas vəzifəsi qanunvericilik təşəbbüsləri ilə çıxış etmək, problemlərin həllinə yönəlmiş mexanizmlər təklif etmək və dövlətlə cəmiyyətin inkişafını təmin etməkdir. Siyavuş Novruzovun Milli Məclisdəki fəaliyyəti bu məcraya uyğundurmu?
Onun son çıxışı konkret həll yolları təqdim etməkdən çox, mövcud vəziyyəti tənqid etməyə yönəlib.
Siyavuş Novruzov və onun kimilər sosial problemlərdən danışarkən, əslində, həmin problemlərin həlli ilə məşğul olan deputatların zəhmətini kölgə altına salır. Əgər Novruzov həqiqətən bu qədər sosial problemlərə can yandırırsa, o zaman sual yaranır: niyə bu problemlərin həlli üçün konkret qanun layihələri hazırlamır? Parlamentdəki tribunanı xalq üçün işlək qanunların qəbuluna deyil, populist çıxışlara çevirmək nəyə xidmət edir?
Siyavuş Novruzov və bəzi digər deputatlar sosial şəbəkələrdə xalq arasında özlərini "sadə vətəndaşların səsi" kimi təqdim etməyə çalışırlar. Onlar "xalq üçün narahat olan qəhrəmanlar" imici yaratmağa çalışır. Ancaq bu, yalnız görüntüdən ibarətdir.
Reallıq isə tam fərqlidir və bunu anlamaq üçün Biruni olmağa hacət yox.
Milli Məclisin nüfuzunu gücləndirmək əvəzinə, Siyavuş Novruzov kimi deputatlar populizmləri ilə bu institutu zəiflədirlər. Onların fəaliyyətindən yaranan görüntü odur ki, parlament yalnız tənqid meydanıdır, real işlər isə kənarda qalır. Bu, xalq arasında deputatlığa olan etimadı sarsıdır və parlamenti qeyri-ciddi bir platforma kimi göstərir. Halbuki Milli Məclis ölkənin ən vacib idarəetmə strukturlarından biridir və burada yalnız çıxış deyil, nəticə gözlənilir.
İnsanlar real nəticələr tələb edir. Deputatın fəaliyyəti yalnız boş sözlər və şoularla deyil, konkret qanun layihələri və problemlərin həlli ilə qiymətləndirilməlidir.
Səd heyf ki, bəzi deputatların bu sahədə fəaliyyəti, demək olar ki, sıfır səviyyəsindədir.
Azərbaycan xalqı artıq populist çıxışlardan, boş vədlərdən və sosial şəbəkələrdəki "şou"lardan yorulub. Xalqa real problemlərin həllini və bu problemlərin həlli üçün konkret mexanizmlər təklif edən deputatların fəaliyyəti gərəkdir.
Siyavuş Novruzov və digər populist deputatlar anlamalıdır artıq: ya real fəaliyyətə keçməli, ya da "qayğıkeş" obrazının işlək olmadığını dərk etməlidirlər.
Populizm və boş danışıq dövrü bitib. Xalq əməldə nəticələr tələb edir.
Əks halda, tarix Siyavuş Novruzov və onun kimiləri yalnız boş populizmin və nəticəsizliyin simvolu kimi xatırlayacaq.
Milli Məclis xalqın güzgüsü olmalı, populistlərin səhnəsinə çevrilməməlidir.
Ən azı ona görə ki, qanunverici fəaliyyət "Molotov kokteyli" və ya "vedrə ilə su daşımaq" deyil.
Elçin Alıoğlu