Arvadını öldürə bilməyən ər 14 il cəza aldı

27 Noyabr 2024 11:10

Bakının Səbail rayonunda həyat yoldaşını öldürməyə cəhddə ittiham olunan Elməddin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə prosesdə şahid qismində Firəngiz Rəsulova ifadə verib.

O bildirib ki, təqsirləndirilən Elməddin onun baldızının həyat yoldaşıdır: "Elməddin Xatının boynundan, boğazından bıçaq xəsarəti yetirib. Arxadan gəldi, Xatın uşağı yatızdırırdı. Mən qoymadım, ancaq o vurdu. Vurandan sonra sürüklədi gətirdi bu biri otağa, saçından tutub bıçaqla vururdu. Hadisə onların kirayə qaldığı evdə olub. Əvvəllər də mübahisələri olub, sonuncu mübahisə həmin gün səhər olmuşdu. Hadisənin baş verməsinə səbəb telefonda Elməddinin başqa qızla "WhatsApp" yazışmaları olub. Polisi mən çağırdım".

Elməddin İsmayılov sərbəst ifadə verib: "Yoldaşıma 3 bıçaq vurmuşam, ekspert 9 bıçaq yazıb. Hadisə vaxtı özümdə olmamışam, günah məndə olub. Yoldaşım mənim telefonumda "WhatsApp"da qızla danışığımı tutub. Mən işdə idim, həmin yazışmanı skrin eləyib mənə atdı. Mən dedim, bir də belə şey olmaz. Amma aramızda mübahisə bitmədi. Mən işdən çıxıb kafedə pivə içdim, gəldim evə. Aramızda mübahisə oldu, bıçağı götürüb böyrünə vurdum. Ani oldu, gördüm əllərim qanın içindədir. Həmin vaxt evdə qonşuluqda yaşayan qaynımın arvadı da var idi. O da hadisəni görüb qışqırırdı. Təcili yardıma yığdım. Sonra getdim iş yerimə, orada dedimki, belə bir cinayət eləmişəm. Sonra polis çağırdılar".

Cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Xatın İsmayılova ifadə verərək bildirib ki, həyat yoldaşını bağışlayıb: "Hər bir insanın həyatında belə bir hadisə olur. Elməddinin "WhatsApp"ını yönləndirmişdim öz nömrəmə. Gördüm ki, o, başqa qızla yazışır. Hadisə olan gün qardaşımın yoldaşı ilə uşaqlarımı həyətdə gəzdirirdim. Gəldim evə, gördüm ev dağınıqdır, Elməddin paltarlarını yığışdırıb getmək üçün. Biz gördük ki, Elməddin oturub pilləkəndə. Mən uşağı yelləyirdim yatırtmaq üçün, otaqda çevriləndə gördüm ki, Elməddin bıçaqla dayanıb başımın üstündə. Vurduqdan sonra otaqda sürüdü məni. Ekspert bıçaq xəsarətləri ilə bağlı nə varsa, onunla bağlı rəy verib. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Şikayətim yoxdur, uşaqlarımın atasıdır, mənə pis həyat yaşatmayıb. Qorxuram türmədən çıxar gələr yenə mənə xəsarət yetirər".

Daha sonra prosesdə məhkəmə istintaqının yekunlaşması ilə bağlı qərar qəbul edilib. Dövlət ittihamçısı Orxan Kəngərli ittiham nitqi ilə çıxış edib. Müəyyən edilib ki, Elməddin İsmayılov əvvəllər də Ucar Rayon Məhkəməsinin hökmü ilə 152.2-ci (yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, əxlaqsız hərəkələr etmə) maddəsi ilə məhkum olunub. Prokurorun sözlərinə görə, təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici hal kimi isə himayəsində azyaşlı övladının, könüllü təslim olmasını göstərib. Prokuror onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə nitqi ilə çıxış edərək Elməddin İsmayılova daha yüngül maddə ilə cəza verilməsini xahiş edib. Elməddin İsmayılov son sözlə çıxış edərək ədalətli qərar çıxarılmasını xahiş edib.

Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Hökmə görə Elməddin İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə bu il iyun ayının 9-da Bakının Səbail rayonu, 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü İsmayılova Xatın Ehtiram qızı həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.

O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 9 bıçaq zərbəsi vurulub.

Elməddin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az