Ermənistanda olan Polşa prezidenti Andjey Dudanın səfər proqramında iki məqam diqqət çəkir.
Milli.Az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbəkə hesabında yazıb.
1. Duda İrəvanda Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edir;
2. O, Azərbaycan-Ermənistan sərhədinə - Arazdəyənə baş çəkəcək (27 noyabrda) və AB-nin müşahidə missiyasının fəaliyyəti ilə yerində tanış olacaq.
2025-ci ilin yanvarından etibarən AB Şurasının rəhbərliyi Polşaya keçəcək, Dudanın aktivliyi bundan qaynaqlanır. Hərçənd Bakı və İrəvana səfər arasında balansın pozulduğu amili mövcuddur. Duda Bakıya COP29-da iştirak üçün gəlmişdi və paralel olaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini də müzakirə etdi, Ermənistana isə xüsusi səfər proqramı ilə gedib.
AB-yə rəhbərlik edəcək Polşa prezidentinin İrəvana xüsusi səfəri və sərhədə - Arazdəyənə ziyarət planı birliyin Ermənistanda müşahidə missiyasının gələcəyi ilə bağlıdır. Fəaliyyət müddəti 2025-ci ilin 19 fevralında başa çatacaq missiyanın daha iki il Ermənistanda qalması fikri var. Bunu İrəvan da istəyir, Brüssel də. Lakin missiyanın fəaliyyət müddətinin uzadılması üçün AB-də yekdil qərar verilməli - 27 üzv dövlətin hamısı eyni mövqedən çıxış etməlidir. Belə qərarın çıxma ehtimalı böyük olsa da, Brüssel və İrəvanda narahatlıq var.
- Azərbaycan müşahidə missiyasının müddətinin uzadılmasına qarşıdır: 2022-ci ildə Azərbaycan sərhədində fəaliyyətə başlayan missiyanın müddəti iki aylıq razılaşdırılsa da, daha sonra rəsmi Bakının mövqeyi nəzərə alınmadan müddəti uzadıldı;
- Rəsmi Bakının Brüsselə etirazı təkcə ritorika ilə yekunlaşmaya bilər: Macarıstan üzərindən yekdil qərarın çıxmasına qarşı praktiki addım atmaq imkanı var.
Mümkündür ki, AB-yə rəhbərlik edəcək Polşanın prezidenti İrəvanda müşahidə missiyasının müddətinin uzadılmasının yollarını da müzakirə edib. İrəvan və Brüsselin bu məsələdə iki istiqamətdə işləyəcəyi ehtimalı görünür:
Birincisi, AB-də yekdil qərarın qəbul edilməsi üçün dipomatik fəaliyyəti genişləndirmək, qarşı çıxanlara (hədəfin Budapeşt ola bilməsi ehtimalı görünür) təzyiq etmək;
İkincisi, AB-də potensial etirazçıların fakt qarşısında qoyulması və yekdil qərarın əldə edilməsi üçün müşahidə missiyasının bölgədəki fəaliyyətinin vacibliyini əsaslandırmaq: Ermənistan-Azərbaycan sərhədində yeni bir esakalasiya, yaxud ən azı kiçikmiqyaslı olsa belə, toqquşma olarsa, missiyanın vacibliyində "qaçılmaz reallıq" ortaya çıxa bilər; bu kontekstdə Ermənistanın AB missiyasının müddətinin başa çatmasına qədər sərhəddə miqyasından asılı olmayaraq, təxribata əl ata biləcəyi istisna edilməyən ssenaridir.
Milli.Az