Ermənistan şirkətləri Rusiyaya Qərbin qızıla qarşı sanksiyalarından yan keçməyə kömək edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransanın "La Gazette du Caucase" internet nəşri yazıb.
Məqalədə erməni "Hetq" onlayn qəzeti və rusdilli "The Insider" nəşrinin araşdırmalarının nəticələri təqdim olunur.
Bu mənbələrə əsasən, 2022-ci ildən etibarən Rusiya Ermənistana milyardlarla dollar dəyərində qızıl göndərib. Əsas səbəblər kimi, Ermənistanda ixrac rüsumlarının olmaması və sanksiyalardan yayınmaq üçün əməliyyatların fiziki şəxslər vasitəsilə həyata keçirilməsi göstərilir.
Son iki ildə Rusiyanın qızıl ixracı şərq istiqamətinə yönəlib. Müharibədən əvvəl ixracın əksər hissəsi Böyük Britaniyaya edilirdi. Lakin 2022-ci ildən etibarən əsas alıcılar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Honq Konq və Türkiyə olub. Bu tədarüklər 2023-cü ilin aprelində dayandırılıb və həmin vaxtdan bəri Rusiya qızılı yalnız Avrasiya İqtisadi İttifaqının (Aİİ) sərhədləri daxilində dövriyyə edir.
Ermənistan qızıl ticarətində əsas vasitəçiyə çevrilib. Ermənistanın Gömrük Xidmətinin məlumatına görə, 2023-cü ildə qızıl idxalı kəskin şəkildə artıb və 2024-cü ilin birinci yarısında 4,4 milyard ABŞ dollarına çatıb. Həmin dövrdə ölkə 4,1 milyard dollarlıq qızıl ixrac edib ki, bunun 64 faizi BƏƏ-yə, qalanı isə Honq Konq və Çinə göndərilib.
Qeyd etmək lazımdır ki, Rusiya qızılının idxal və təkrar ixrac zəncirinə Ermənistanın siyasi xadimləri və Rusiya ilə əlaqəli biznesmenlərlə bağlı şirkətlər cəlb olunub. 2024-cü ilin əsas idxalçıları arasında hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü Xaçatur Sukiasyan və "Tibi Arm" MMC-nin sahibi Armen Tadevosyanla əlaqəli şirkətlər yer alır. Bu şirkətlər cari ilin yanvar-may aylarında Rusiya banklarından yüz milyonlarla dollar dəyərində qızıl idxal ediblər.
Bundan əlavə, hesabatda qeyd olunur ki, Ermənistan yalnız qızıl deyil, həm də almaz ticarətində mühim halqaya çevrilib. Bu malların ixracı Ermənistan İqtisadiyyat Nazirliyinin təsdiqi ilə həyata keçirilir.
Sonda məqalə Rusiyaya qarşı sanksiyalar tətbiq edən, lakin eyni zamanda Ermənistana dəstək göstərən Fransa kimi ölkələrin mövqeyini sual altına alır. Erməni nəşri tərəfindən başladılan araşdırma, sanksiyalı Rusiya mallarının ticarətində iştirak edənlərin cəzasız qalmaq ehtimalını azalda biləcəyinə işarə edir.
Milli.Az