Ədalət Verdiyevi neçə il həbs GÖZLƏYİR?

26 Noyabr 2024 11:32

Prokurorluq digər hüquq-mühafizə orqanları ilə birgə, dövlət sirri və qanunla qadağan edilmiş məlumatların media və internetdə yayılmasına qarşı mütəmadi tədbirlər görür.

Milli.Az xəbər verir ki, 22 noyabr 2024-cü il tarixində, Azərbaycan Səhiyyə Nazirliyinin mülki müdafiə qərargahının rəisi və hərbi-ekspert Ədalət Verdiyev işğaldan azad edilmiş ərazilərə təşkil olunmuş mediaturda Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri və əməliyyat şəraiti barədə video çəkib və bunu sosial şəbəkədə yayıb. Bu, dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təhlükəyə ataraq ciddi zərər vurulmasına səbəb olub. Hərbi-ekspertin hərəkətləri ilə bağlı cinayət işi başlanmış və istintaq Baş Prokurorluğun İstintaq idarəsinə təhvil verilib.

Ədalət Verdiyevi neçə il həbs GÖZLƏYİR? ​

Məsələ ilə bağlı Milli.Az-a Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Nurlan Səfərov bildirib ki, dövlət sirri haqqında Azərbaycan Respublikasının qanuna əsasən dövlət sirri dedikdə hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar nəzərdə tutulur.

"Həmin qanunun 5-ci maddəsinə əsasən qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında və bu kimi digər məlumatlar hərbi sahədə dövlət sirri təşkil edən məlumatlar sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci bəndinə əsasən şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əlavə olaraq Cinayət Məcəlləsinin 308.2 ci bəndinə əsasən vəzifə səlahiyyətlərdən sui-istifadə halları ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. İş üzrə təqsiri müəyyən edilmiş şəxslərin məsuliyyətə cəlb edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.

Aysel Əkbər
Milli.Az