Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib – FOTO

25 Noyabr 2024 21:23

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Öncəliklə sənətşünaslıq üzrə elmlər doktoru, musiqişünas, dosent Leyla Zöhrabova konsertlə bağlı çıxış edərək dinləyiciləri məlumatlandırıb.

Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) solist - Respublika və beynəlxalq müsabiqələr laureatı Sənan Hacılı (tar) dinləyicilər qarşısında çıxış edib.

Proqramda  C.Zülfüqarov "Çağırış" uvertürası,  A.Dadaşov 16 nömrəli "Heydər" simfoniyası (əsər Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub), D.Dadaşov tar və orkestr üçün konsert,  S.Fərəcov "Türk rəqsi", C.Allahverdiyev  "Tac-Mahal" baletindən fraqmentlər,  Y. Xəlilov "Naxçıvan kapriççiosu" (əsər Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunub), V.Allahverdiyev  "Aşıqsayağı", L.Cəfərova  "Sumela" simfonik poeması və  M.Umudovun  "Simfonik rəqs" əsəri səslənib. Qeyd edək ki, konsertdə səslənən bütün əsərlər ilk dəfə ifa olunub.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az