Hamiləlikdə ana və körpənin sağlamlığı üçün nələrə diqqət edilməlidir?

27 Noyabr 2024 06:06

Hamilə qadınlarda leptin hormonunun səviyyəsinin normada saxlanması çox vacibdir.

Milli.Az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkim mama-ginekoloqu Şölə Səfərovanın sözlərinə görə, "Toxluq hormonu" olaraq bilinən leptin adipositlərdə sintez olunan hormondur və bədən çəkisinin idarə olunmasında əhəmiyyətli rol oynayır. Çünki leptin bədənin enerji balansını tənzimləyən əsas hormonlardan biridir və hamiləlik dövründə bir çox funksiyalar üçün mühüm rola malikdir. Bu hormonun düzgün səviyyədə olması ana və körpənin böyümə və inkişafını təmin edir.

"Leptin hormonunun hamiləlik dövründə normadan aşağı və ya yuxarı olması bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Bu hormon hamilə qadınların enerji balansını tənzimləmək və dölün inkişafını dəstəkləmək üçün vacibdir. Hormonun səviyyəsinin balanssız olması həm ana, həm də uşaq üçün müxtəlif risklər yarada bilər. Leptin hamiləlik dövründə plasentanın inkişafına və körpənin böyüməsinə kömək edir".

Həkim bildirir ki, bu hormon döldə endotel hüceyrələrdə, plasentada sinsitotrofoblastlarda sintez olunur. Hamiləlik zamanı leptin hormonunun səviyyəsi əhəmiyyətli dərəcədə dəyişir: "Belə ki, hamiləlik dövründə bu hormonun səviyyəsi yüksəlir, hamiləlikdən sonra isə aşağı enir. Yüksək leptin olarsa, şəkərli diabetli uşaqlarda iri döl, aşağı leptin olarsa, preeklampsiya və s. patologiyalarda dölün bətndaxili inkişaf ləngiməsi ola bilər".

Şölə Səfərova hamilə qadınlara leptin səviyyələrinin normada saxlanması üçün bir sıra qaydalara riayət etməyi tövsiyə edir:

"Bunun üçün hamilə qadınlar yaxşı pəhriz saxlamalı, müntəzəm fiziki fəaliyyətlə məşğul olmalı, yüksək kalorili, şəkərli və yağlı qidalardan çəkinməli, stresdən uzaq durmalıdırlar. Eyni zamanda yuxu müddətinə və keyfiyyətinə diqqət yetirmək, mütəmadi həkim nəzarətində olmaq məsləhətdir". 

Aysel Əkbər
Milli.Az