Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) Orta Dəhlizi dünya səviyyəli nümunəvi nəqliyyat marşrutuna çevirmək niyyətindədir.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə IRU-nun Baş katibi Umberto de Pretto COP29 çərçivəsində bildirib.
"IRU Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edir və Orta Dəhliz boyunca sərhəd keçidlərinin yaxşılaşdırılması imkanlarını araşdırır. Bizim məqsədimiz Orta Dəhlizi dünya səviyyəli nümunəvi nəqliyyat marşrutuna çevirməkdir.
Bu, yüklərin Çindən Avropa İttifaqına Azərbaycan ərazisindən daha sürətli daşınmasını təmin edəcək və sərhədlərdə gözləmə müddətini əhəmiyyətli dərəcədə azaldacaq. Gözləmə müddətinin azaldılması, öz növbəsində, karbon qazı emissiyalarını 90 faiz azaldacaq ki, bu da olduqca vacibdir. Biz Azərbaycan hökuməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Gömrük Xidməti ilə sıx əməkdaşlıq edirik ki, eyni zamanda, həm ekoloji təmizliyə, həm də effektivliyə töhfə verəcək həllər işləyib hazırlayaq", - deyə o qeyd edib.
Umberto de Pretto əlavə edib ki, Bakıda ictimai nəqliyyat prioritet sahələrdən birinə çevrilib. O, avtobusların arxa hissəsində yerləşdirilən və bir avtobusun onlarca avtomobili əvəz etdiyini göstərən diaqram təşəbbüsündən çox təsirləndiyini vurğulayıb.
"Əslində, sərnişin-kilometr hesabı ilə avtobuslar CO2 emissiyaları baxımından avtomobillərdən 82 faiz daha effektivdir", - deyə o bildirib.
Baş katib IRU-nun 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün "Yaşıl yanaşma" adlı strategiya hazırladığını qeyd edib. Bu plan karbon qazı emissiyalarını azaltmaq üçün effektivliyin artırılmasına və ekoloji təmiz texnologiyaların tətbiqinə yönəlib.
Onun sözlərinə görə, strategiya çərçivəsində artıq bu gün emissiyaları 50 faiz azaltmaq mümkündür. Əsas tədbirlər arasında sürücülərin təlimi, bu isə emissiyaların 15 faiz azalmasına səbəb olur və ekoloji yük maşınlarının istifadəsi 30 faizlik azalma təmin edir. Bundan əlavə, aerodinamik xüsusiyyətlərin və logistika proseslərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.
"Yaxın gələcəkdə emissiyaların əhəmiyyətli dərəcədə azaldılması tamamilə mümkündür. Lakin qalan 50 faizə nail olmaq enerji sistemlərinin dəyişdirilməsini tələb edən ən çətin vəzifə olacaq. IRU dayanıqlı nəqliyyatın inkişafını təmin etmək və iqlim dəyişikliyi ilə qlobal mübarizəyə töhfə vermək üçün yeni həllər üzərində işləməyə davam edir", - o vurğulayıb.
Umberto de Pretto iqlim dəyişikliyi ilə mübarizədə təcili tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
"Bu gün həyata keçirilə biləcək tədbirlər var və onları təxirə salmaq olmaz. Ambisiyalı hədəflərimizin olması yaxşıdır, lakin indi sözləri əmələ çevirmək vacibdir. 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq sprint (yaxın məsafəyə qaçış) deyil, marafondur.
Məhz buna görə bu marafona elə indi başlamaq lazımdır. Bunun üçün davamlı əmək, inadkarlıq və enerji tələb olunur. Hər mərhələdə konkret nəticələrə nail olmalıyıq. Gəlin, bu gün edə biləcəklərimizdən başlayaq və bu səyləri hökumətlər və digər tərəfdaşlarla birlikdə inkişaf etdirək", - deyə o bildirib.
Milli.Az