Bu ilin sentyabr ayında Azərbaycana Türkiyədən 6 baş ulaq (eşşək) idxal edilib. Bu barədə "Yeniavaz" məlumat yayıb. Bildirilib ki, idxal olunan 6 baş ulaq üçün ümumilikdə 9,4 min dollar (16 min manat) ödənilib. Açıqlanan məlumatlardan belə görünür ki, Türkiyədən gətirilən ulaqların bir başının orta gömrük dəyəri 2 min 664 manat olub. Buna qədər isə Azərbaycan xaricdən ulaq idxal etməyib.
Maraqlıdır, bu ulaqların Azərbaycanda sifarişi kim tərəfindən edilib?
"Yeni Müsavat" bu suala aydınlıq gətirmək üçün Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, yayılan məlumatın onlara aidiyyəti yoxdur və sifariş bu qurum tərəfindən edilməyib.
Belə olan halda, idxalın fiziki şəxsin sifarişi ilə olunduğu güman edilir. Çünki ulaqlardan ailə təsərrüfatlarında yüngül işlərdə istifadə edirlər.
Azərbaycanda rəsmiləşmiş, iri ulaq təsərrüfatının olması ilə bağlı məlumat yoxdur. Bir zamanlar Abşeron rayonu Məhəmmədi qəsəbəsində ilk eşşək südü istehsal edən böyük ferma yaradılmışdı. Orada 100 başa yaxın ulaq saxlanılırdı. Bu ferma təkcə Azərbaycanda deyil, Qafqazda ilk böyük eşşək ferması idi. Sonradan həmin fermanın bağlanılması ilə bağlı məlumat yayıldı. Hazırda bu heyvanlardan yalnız ailə təsərrüfatında geniş istifadə olunur.
Fermer Ceyhun İbrahimov Novxanıda yaşayır və kiçik eşşək təsərrüfatı var. O deyib ki, uşaq vaxtlarından ailəsi eşşək saxlayıb. Onun sözlərinə görə, hazırda 11 eşşəyi var, onlardan 4-ü sağılandır. Fermer bildirir ki, eşşək çox süd verən heyvan deyil. 4 eşşəkdən gün ərzində 1 litr süd çıxır. Amma sağılan kimi süd içilməlidir, qalanda xarab olur: "Eşşəyi saxlamaq asan deyil. İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur. 14 aydan bir balalayır, 6 ay süd verir, 11 aya doğur, 3 ay da süddən kəsiləndən sonra boş-boşuna gəzir. Südünün 200 qramını 10 manata satıram. Günə 3-4 stəkan satıram. 20 manat yemləri edir, 20 manat da mənə qalır. Bəzən isə təkcə yem pulları çıxanda sevinirəm. Camaat üçün savaba saxlayıram. Ən çox qızılça, göy öskürək və astma xəstələri üçün alırlar. Südü çox versə, qiymətli olmaz. Onun qiymətinin bahalığı südünün az olmasındadır. Elə gün olur ki, satış heç olmur, cibimdən başlayıram yedizdirməyə".
Fermer yerli eşşəklərlə xaricdən gətirilən eşşəkləri də müqayisə edib: "Mənim Həmədan eşşəyim var. Onu mənə saxlamaq üçün veriblər.O eşşək yerlilərdən böyükdür və südü də çox verir.Türkiyəninki ilə bizim eşşəklər arasında heç bir fərq yoxdur. Onların belə baha qiymətə satılmasını da anlaya bilmirəm".
Qeyd edək ki, Azərbaycanda son 1 il əzində eşşəklərin sayında ciddi azalma qeydə alınıb. 2024-cü ilin əvvəlində ölkəmizdə 14924 baş eşşək olub. Məlumata görə, eşşəklərin böyük hissəsinin - 10174-nün yaşı 3 və daha çoxdur.
Ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək "yoxa çıxıb".
Ümumiyyətlə, son 20 ildə Azərbaycanda eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə, bu rəqəm 14.9 min olub.
Eşşəklərin sayına görə rayonların sıralamasına Lerik başçılıq edir. Belə ki, bu rayonda 1362 baş eşşək var. Onların 1000-ə yaxınının 3 və daha artıq yaşı var. Sıralamada ikinci yeri 1284 başla Şəmkir rayonu, üçüncü yeri isə 1063 başla Ağstafa rayonu tutur. Statistikaya görə, Bakı şəhərinda cəmi 4 eşşək var. Sözügedən heyvanlar paytaxtın Sabunçu rayonu ərazisindədir.
İqtisadi rayonlar arasında eşşəklərin sayının ən çox olduğu bölgələr Qazax-Tovuz (4116 baş), Lənkəran-Astara (2713 baş) və Quba-Xaçmazdır (1812 baş).
İşğaldan azad edilən bölgələrə gəlincə, Cəbrayılda 9, Laçında 54, Zəngilanda 18, Ağdamda 173, Füzulidə 315, Xocavənddə 3 baş eşşək var.
Eşşəklərin sayının daha çox olduğu digər rayonlar aşağıdakıladır:
Qazax rayonu - 895 baş
Quba rayonu - 891 baş
Samux rayonu - 728 baş
Tovuz rayonu - 550 baş
Yardımlı rayonu - 553 baş
Sabirabad rayonu - 474 baş
Goranboy rayonu - 468 baş
Astara rayonu - 448 baş.
Milli.Az