Məzardan dünya tarixini dəyişə biləcək əşya tapıldı - FOTO

22 Noyabr 2024 10:30

Suriyada aparılan arxeoloji qazıntılar zamanı ən qədim əlifba olduğu iddia edilən tapıntı aşkarlanıb.

Milli.Az xəbər verir ki, ABŞ-dəkı Johns Hopkins Universitetinin tədqiqatçıları Suriyadakı qədim məzardan çıxarılan gil möhürlər üzərində hərflərə bənzər izlər aşkar etdiklərini bildiriblər. Bu yazıların eramızdan əvvəl 2400-cü ilə aid olduğu təxmin edilir.

Tədqiqat nəticələri əlifbanın mənşəyi və onların erkən sivilizasiyalar üçün əhəmiyyəti ilə bağlı məlum təsəvvürlərimizi dəyişdirə biləcək inqilabi kəşf kimi qiymətləndirilir. Bu tapıntı Amerikada Xaricdə Araşdırmalar Dərnəyinin illik toplantısında təqdim olunacaq.

Gil möhürlərin üzə çıxarılmasında iştirak edən arxeoloq Glenn Schwartz "Bu yazı insanların yaşama, düşünmə və ünsiyyət qurma üsulunu dəyişdi," deyərək tapıntının əhəmiyyətini vurğulayıb. Elm adamları hesab edirlər ki, bu yazı dili sadəcə krallar və yüksək sosial siniflərin sərhədlərindən kənara çıxararaq adi insanlar üçün əlçatan hala gətirə bilərdi.

Schwartz və onun komandası Suriyanın Qərbində yerləşən Umm əl-Marra şəhərində artıq 16 ildir arxeoloji qazıntılar aparır. Bu ərazi, qədim orta ölçülü şəhər mərkəzlərindən biri hesab olunur. Burada eramızdan əvvəl 3500-2000-ci illərə aid erkən Tunc dövrünə aid məzarlar, iskeletlər, qiymətli qızıl-gümüş bəzəklər, bütöv qablar və hətta bir nizə ucu aşkar edilib.

Ən son kəşf isə üzərində hərflərə bənzər izlər olan dörd kiçik yüngülcə bişirilmiş gil lövhədən ibarətdir. Bu silindrlərdəki yazıların təyinatı haqqında dəqiq bir nəticəyə gəlinməsə də, onların etiket kimi istifadə olunduğu ehtimal edilir. Schwartz bu haqda belə deyib: "Bu yazılar bəlkə qabın içərisində olan maddələri, qabın mənşəyini və ya sahibini qeyd etmək məqsədi daşıyırdı."

Gil lövhələrin yaşı karbon analizi ilə təsdiqlənib və bu yazıların eramızdan əvvəl 2400-cü ilə aid olduğu müəyyən edilib. Bu isə daha əvvəlki yazılı sistemlərdən 500 il daha qədim bir tarixə işarə edir.

Dr. Schwartz, bu kəşfin indiyə qədər əlifbanın eramızdan əvvəl 1900-cü illərdə Misirdə ixtira edildiyini düşünən elm dünyasına yeni bir perspektiv qazandırdığını bildirib: "Bu tapıntılar göstərir ki, əlifbanın mənşəyi daha qədim və bəlkə də düşündüyümüzdən fərqli bir coğrafiyaya əsaslanır." (Sputnik Türkiyə)

İslam
Milli.Az